“Aprel müharibəsi”, yaxud rəşadətli Azərbaycan ordusunun qəhrəmanlıq ayini barədə ballada
Dünya ədəbiyyatının ən önəmli isimlərindən olan böyük rus yazıçısı Lev Tolstoyun (1828-1910) Şimali Qafqaz xalqlarının rus istilasına qarşı mübarizəsindən bəhs edən “Hacı Murad” (1896) povestinin kulminasiyasında belə bir cümlə var; – ““Nə olar ki, biz də Həmzət kimi vuruşarıq”, – deyə Hacı Murad fikrindən keçirdi”.
Qazı Məhəmməd (1795-1832) və Həmzət bəy (1789-1834) öz istiqlaliyyətləri uğrunda mübarizə aparan Dağıstan xalqlarının Şamildən (1797-1871) qabaqkı başçılarıdır. Cəmi 36 il yaşayan Hacı Murad Xunzaxlı (1816-1852) özü isə hələ sağlığında cəsurluğuna, igidliyinə, ağlına, alicənablığına və döyüşkənliyinə görə dünya hərb tarixinin nadir isimləri, o cümlədən Napoleon Bonapartla (1769-1821) müqayisə olunub. Məhz bu keyfiyyətləri onun 4 silahdaşı ilə birgə 300 nəfər atlı kazaka qarşı son döyüşə atılmasını şərtləndirib. Döyüş olduqca qeyri-bərabər aparılsa da, dağlı xalqları yadellilərin 17 yaraqlısını məhv etməyə müvəffəq olublar. Povestdə Hacı Muradın özünün isə bu döyüş zamanı həm də pəhləvan güclü Əbununsal xanın igidliyini, onun bir əli ilə çapılmış yanağını tutaraq, o biri əlindəki xəncərlə düşməninə hücum etdiyini xatırladığı, ondan güc aldığı təsvir olunur.
Kimlərdən öyrəndiz qəhrəmanlığı?
Kimlər oldu sizə qibləgah, mayak?
Bütün bunları xatırlatmağımız səbəbsiz deyil. Hər bir xalqın tarixində döyüş qəhrəmanlarının olması vacib şərtidir. Xələflər sələflərdən öyrənir, onların yolu ilə gedir. Məgər 2010-cu ilin sentyabrında Tərtərin Çiləbürt kəndi yaxınlığında döyüş meydanında həlak olmuş, ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif olunmuş baş leytenant Fərid Əhmədov yenə Tərtər istiqamətində həmin ilin yayında şəhidlik zirvəsini fəth etmiş Milli Qəhrəman Mübariz İbrahimovun qəhrəmanlığından təsirlənməmişdimi?! Fəridin də Mübariz kimi şəhidlik zirvəsinə yüksəlməyi özü üçün arzuladığını həmin vaxt qəzetlər və saytlar yazmırdımı?! Fərid Əhmədovun yaxın dostu və qohumu olan Həsən Məmmədov 2010-cu ilin noyabrında “Yeni Müsavat” qəzetinə verdiyi müsahibəsində deyirdi: “Fərid Mübariz İbrahimovun cəsədini ermənilərdən almaq istəyirmiş. Məhz buna görə də əməliyyat aparıblar. Fərid Əhmədov da Mübariz İbrahimovun yolunu gedib. Fəridlə əməliyyatda olan yaxın dostu rayonumuza gəlmişdi. Deyirdi ki, Fərid əməliyyatdan bir neçə gün öncə çox narahat idi. Milli Qəhrəman Mübariz İbrahimovun meyitinin qaytarılmamasını da çox ürəyinə salırdı, qəzəblənirdi. Əməliyyata gedəndə deyib ki, mən gedəcəm, Mübarizi də gətirəcəm. Fərid getdi və Mübarizi gətirdi. Amma öz meyiti ilə birlikdə…”
Azərbaycanın torpaqları işğal altındadır. Bu gün-sabah ölkəmizin üzdəniraq qonşusu və onun himayədarı tərəfindən müharibəyə cəlb olunmasının üçüncü onilliyi tamam olacaq. Bakı indiyədək təmkin, problemin həlli üçün sülhün imkanlarının hələ ki, tükənmədiyini və danışıqlar prosesinə sadiqliyini nümayiş etdirir. Amma aprelin əvvəlində Ermənistanın qoşunların təmas xəttində törətdiyi təxribatlara layiqli cavab verməklə səbrinin hüdudsuz olmadığını ortaya qoydu. Bu döyüşdə Vətənin onlarla say-seçmə igidi şəhid oldu, yaralandı. “Aprel döyüşləri”, yaxud şərti olaraq “dördgünlük müharibə” adlandırılan hərbi əməliyyatlar Azərbaycan ordusunun modern silahlarının sınaqdan keçirilməsi ilə yanaşı Silahlı Qüvvələrimizin şəxsi heyətinin yüksək döyüş hazırlığının, əsgər, gizir, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının və zabitlərin vətənpərvərliyinin bariz nümayişi oldu. Kim mübahisə edər ki, onlar bu hərbi əməliyyatlar zamanı rəşadət göstərərkən atəşkəs dövrünün iki milli qəhrəmanı – əsgər Eltun İsgəndərov və gizir Mübariz İbrahimovdan, habelə hər ikisi “İgidliyə görə” medalı ilə təltif edilmiş baş leytenant Fərid Əhmədov və kapitan Əhməd Abdullayevin vətənpərvərliyindən təsirlənməyiblər?!
…efelər kimi savaşdılar…
“Dördügnlük müharibə” Azərbaycan xalqının şanlı qəhrəmanlıq salnaməsinə daha neçə-neçə isimlər həkk etdi. Həmin hadisələr xalqını, Vətənini canından artıq sevən, işğalçıdan intiqamımızı almağa hazır igidləri cəmiyyətə tanıtdırdı. Düşmənin qoşunların təmas xəttindəki təxribatı hərbçilərimizin öz qəhrəmanlıqlarını nümayiş etdirmələri üçün bir məqam oldu. Aprelin 1-dən 2-ə keçən gecə Azərbaycan Ordusunun qəhrəmanlıq ayini başladı. Həmin gecədən etibarən aprelin 5-i, günorta saatlarınadək – işğalçı ordunun rəhbərliyi sülh üçün Moskvaya yalvar-yaxar edib buna nail olanadək – silahlı qüvvələrimizin şəxsi heyəti işğalçıya meydan oxudu, Lələtəpə yüksəkliyinin alınmasında iştirak edən tank taborunun komandiri, şəhid olmazdan 7 saat əvvəl, aprelin 2-i saat 22 radələrində dayısına 5 dəqiqəliyə telefonla zəng etməyə macal tapan mayor Rasim Məmmədovun dediyi kimi düşmənin daşını daş üstündə qoymadı. Bu məqamda Türkiyə türkcəsindəki işlədilən ən uyğun sözdən istifadə etmək yerinə düşər; Azərbaycan hərbçiləri həmin günlərdə efelər kimi savaşdılar. Həmin döyüşlər düşməni məhv edərkən, işğal olunmuş torpaqlar üzərində irəlildikcə kim bilir onlar hansı hissləri keçiriblər…
Heç kim unudulmur, heç nə yaddan çıxmır
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin aprelin 19-da imzaladığı sərəncamlarla xüsusi fərqlənən hərbçilərimizin bir qrupu yüksək fəxri ada layiq görüldülər, orden və medallarla təltif olundular. “Dördgünlük müharibə” Azərbaycana üç Milli Qəhrəman qazandırdı. Xüsusi Təyinatlı Qüvvələrin zabiti, polkovnik-leytenant Murad Mirzəyev və Xüsusi Təyinatlı Qüvvələrin zabiti, mayor Samid İmanov ölümündən sonra, döyüş bölgəsində yerləşən N saylı hərbi hissənin komandiri, polkovnik-leytenant (az sonra müdafiə nazirinin əmri ilə vaxtından əvvəl polkovnik rütbəsinə layiq görüldü) Şükür Həmidov son 6 ildə ilk dəfə olaraq Azərbaycan Respublikasının ən yüksək fərqlənmə dərəcəsi olan “Azərbaycanın Milli Qəhrəmanı” adına və bu adın xüsusi fərqlənmə nişanına – “Qızıl Ulduz” medalına layiq görüldülər.
Mi-24 vertolyotunun həlak olmuş pilotları – mayor Təbriz Musazadə, mayor Urfan Vəlizadə və baş leytenant Bəkir İsmayılov “Azərbaycan Bayrağı”, Xüsusi Təyinatlı Qüvvələrin zabiti, polkovnik Vüqar Yusifov (ölümündən sonra) və kapitan Mirdamət Bağıyev “Vətənə xidmətə görə” ordeninin üçüncü dərəcəsi ilə təltif edildilər.
Xüsusi Təyinatlı Qüvvələrin giziri Pəncəli Teymurov (ölümündən sonra) “Vətən uğrunda” medalı, kapitan İnqilab Quliyev və əsgər Səbuhi Musayev (hər ikisi ölümündən sonra) “İgidliyə görə” medalı, baş leytenant Ziya Həsənov, gizir Elmidar Səfərov, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları Teymur Qasımov və Adil Adilzadə, çavuş Təbriz Əsgərov, əsgər Vüsal Əliyev, Altun Dəmirli və Nurlan Qasımov isə (hamısı şəhid olub) “Hərbi xidmətdə fərqlənməyə görə” medalının üçüncü dərəcəsi ilə təltif olundular.
Döyüş bölgəsində yerləşən ordu korpusunun komandiri, polkovnik, hələ 1998-ci ildə baş leytenant olarkən “Azərbaycan Bayrağı” ordeninə layiq görülmüş Mais Bərxudarovun göstərdiyi şəxsi şücaət isə onun çiyinlərini vaxtından əvvəl general-mayor ali hərbi rütbəsinin fərqlənmə nişanının bəzəməsini şərtləndirib.
“Aprel müharibəsi”ndə iştirak edən digər hərbçilərin hamısı Vətən qarşısındakı xidmətlərinə görə “Hərbi xidmətlərə görə” medalına layiq görüldülər.
“Ermənistanı lərzəyə salan xüsusi təyinatlılarımız oldu”
Hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov bizimlə söhbətində deyib ki, dünyanın ən güclü xüsusi təyinatlı qüvvələrinə (komandos) malik Türkiyə xüsusi təyinatlıları “aprel döyüşləri” zamanı Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin peşəkarlığına və döyüş əzminə heyran qalıblar. Onun sözlərinə görə, döyüşlərin getdiyi günlərdə Ermənistanı və erməniləri vahiməyə, lərzəyə salan xüsusi təyinatlılarımız oldu: “Onlar o qədər gözəl işləmişdilər ki… Bunu hətta ermənilər özləri də etiraf edir. Heç Xüsusi Təyinatlı Qüvvələrin bütün briqadası döyüşə girmədi. Yenidən hərbi əməliyyatların başlanacağı təqdirdə artıq döyüş görmüş bu insanların düşmənə sarsıdıcı zərbələr vuracağı şəksizdir. Ortada çox böyük nəticələr olacaq”.
“Heç kimin gözləmədiyi bir nəticə əldə edildi”
Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı da bu fikirdədir ki, “aprel döyüşləri” qəhrəmanlıq nümunələri ilə zəngin oldu və tariximizə qızıl hərflərlə yazıldı. Müsahibimiz qeyd edib ki, adətən döyüşlərin getdiyi dövrdə qəhrəmanlıqlar fərdi olur. Ancaq “aprel döyüşləri”ndə Azərbaycan xalqı kütləvi qəhrəmanlıq hadisələrinə şahidlik etdi: “Onların hər birinin əzmlə döyüşməsi, igidliyi barədə ayrıca xeyli danışmaq olar. Hərbçilərimiz sanki, bir-birləri ilə yarışa girmişdilər. Filosoflardan birinin belə bir sözü var. Deyir, qəhrəmanlıq yeganə insani hərəkətdir ki, onu məşq etmək mümkün deyil. “Aprel döyüşləri” bu insanların öz qəhrəmanlıqlarını üzə çıxarmaları üçün bir vəsilə oldu. Bu baxımdan heç kimin gözləmədiyi bir nəticə əldə edildi. Onlar heç nədən çəkinmədən ölümün üstünə getdilər və öz canları, qanları bahasına xalqın döyüş ruhunu oyatdılar”.
A.Nağı deyir ki, “aprel döyüşləri”ndə şəhid olan və yaralanan hər bir hərbçimiz qəhrəmandır, məhz bütövlükdə onların rəşadəti sayəsində bu qələbə qazanıldı. QAT sədri adı heç yerdə çəkilməyən, necə deyərlər isimsiz qəhrəmandan – bir zabitin fədakarlığından söz açır: “Mənim qonşum N saylı hərbi hissənin rabitə bölüyünün komandiridir. Danışır ki, atəş aramsız olaraq davam edir, hər tərəfdə mərmilər partlayır. Nizamnaməyə görə o özü şəxsən gedib əlaqə yaratmalı, rabitə aparatlarının batareyalarını dəyişməli deyil. Sabah heç kim buna görə onu mühakimə də edə bilməz. Amma o deyir, mən fikirləşirdim, necə ola bilər ki, arada rabitə kəsilsin?! Heç əsgəri də göndərməyərək, özüm həyatımla risk edərək bir-bir yerlərdəki rabitə vasitələrinin batareyalarını dəyişirdim. Hələ, Allah bilir, nə qədər şücaət göstərən hərbi qulluqçularımız olub ki, təvazökarlıqdan adlarının hallanmasında maraqlı olmayıblar. Onlar bunu Vətən qarşısında müqəddəs borc hesab ediblər. Məsələn, hərbi əməliyyatlarda iştirak etmiş zabitlər bu günlərdə mənə danışıblar ki, bir əsgər düşmənin iki tankını vurub, yaralanıb. Hospitala qaldırılıb, həkimlərin israrına baxmayaraq hospitaldan çıxıb, sarıqdaca öz döyüş mövqeyinə qayıdıb. Heç nə olmayıbmış kimi döyüşməyə başlayıb. Düşmənin daha iki tankını sıradan çıxarıb. Bunu mənə elə zabitlər danışıb ki, mən onlara inanmaya bilmərəm. Yəni, şişirdilmiş bir məlumat deyil, real hadisədir. Belə nümunələr həddən artıq çoxdur. Mən hesab edirəm ki, şərti olaraq “aprel müharibəsi” adlandırdığımız döyüşlər zamanı hər kəs Azərbaycan ordusunun yüksək döyüş əzminin bir daha şahidi oldu. Azərbaycan hərbçiləri sübut etdilər ki, qələbə yalnız güclülərə yox, həm də səbrli və bacarıqlı olanlara qismət olur”.
Səxavət HƏMİD
Yazı Azərbaycan Mətbuat Şurası və Azərbaycanlıların və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin “Milli Ordumuzun aprel sınağı: vətənpərvərliyin Qarabağ vəhdəti və yeni qəhrəmanlıq salnaməsi” mövzusunda birgə keçirdiyi müsabiqəyə təqdim olunur