17 İyun 2016 17:49
461
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çox sevindirici haldır ki, Azərbaycana yalnız yüksək nəticələr əldə etmiş ölkələrə təqdim olunan Avropa Donor Bankına üzvlük statusu verilib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, bunu 17 iyun - tibb işçilərinin peşə bayramı münasibətilə keçirilən kolluğa iclasında səhiyyə naziri Oqtay Şirəliyev deyib.

Nazirin sözlərinə görə, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə Respublika Talassemiya Mərkəzinin istifadəyə verilməsi ölkəmiz üçün aktual problem olan talassemiya xəstələrinin müalicə imkanlarını genişləndirib. Hazırda bu Mərkəzdə 20 minə yaxın uşaq dövlət hesabına müalicə alır. Artıq 30 uşağa yalnız yüksək inkişaf etmiş səhiyyəyə malik ölkələrdə icra edilən sümük iliyi transplantasiyası əməliyyatları icra olunub.

Oktay Şirəliyev bildirib ki, ölkədə səhiyyənin inkişafına, əhalinin sağlamlığına böyük yer ayrılır: “Bir neçə il əvvəl tibb müəssisələrində müayinə və müalicə üçün vacib olan avadanlıqlar yox vəziyyətində idi. Bakı şəhərinin ən iri klinikalarında yalnız süni tənəffüs avadanlıqları vardı. Lakin son bir neçə ildə 600-ə yaxın tibb müəssisəsi tikilib, təmir olunub və ən müasir avadanlıqlarla təchiz edilib”.

Nazir təcili və təxirəsalınmaz tibbi yardımın işinin nəinki paytaxt Bakıda, eləcə də regionlarda da yüksək səviyyədə qurulduğunu vurğulayıb. O əlavə edib ki, qəbul olunmuş və uğurla həyata keçirilən dövlət proqramları bu gün insanların sağlamlığında mühüm yerlərdən birini tutur:

“Hazırda 11 Dövlət proqramı mövcuddur. Səhiyyə sahəsində dövlət proqramları uğurla yerinə yetirilir. İrsi qan xəstəliklərinin profilaktikası baxımından böyük əhəmiyyət kəsb edən nikaha daxil olan hər kəs tibbi müayinədən keçməlidir. Bu zaman onlar İİV infeksiyasına, zöhrəvi xəstəliklərə və talassemiyaya görə müayinə edilirlər. Bu tədbir həm adıçəkilən xəstəliklərlə mübarizədə, həm də gələcəkdə doğulacaq körpələrin sağlamlığı ilə bağlı ciddi irəliləyişlərə nail olmağa imkan verir”.

Oktay Şirəliyev bildirib ki, ana və uşaq sağlamlığı ilə bağlı diridoğulmanın yeni meyarlarına keçilib: “Beynəlxalq səhiyyə təşkilatlarının tövsiyələrinə uyğun olan bu meyarlar müasir dövrün tələbidir. Azərbaycan səhiyyəsinin bugünkü inkişafı, xüsusiləşdirilmiş tibb müəssisələrinin avadanlıqla təchizatı bizə imkan verir ki, yeni meyarlara uyğun olaraq, vaxtından xeyli tez doğulanların da həyatı uğrunda mübarizə aparaq”.

Səhiyyə naziri daha sonra dünyada problem olan şəkərli diabetdən əziyyət çəkən insanlara dövlət hesabına özünənəzarət aparatlarının, pompaların, həyati əhəmiyyətli dərmanların dövlət hesabına paylanmasından, habelə böyrək çatışmazlığından əziyyət çəkən insanların hətta bölgələrdə həftədə 3 dəfə dializ almaları üçün yaradılan şəraitdən danışıb.

Bildirib ki, hazırda 26-sı bölgələrdə olmaqla 36 Dializ Mərkəzi fəaliyyət göstərir.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər