21 İyun 2016 16:43
746
12 Punto 14 Punto 16 Punto 18 Punto

16:37

Salyanda doğulan üçəmlərdən sağ qalanı Bakıya gətirilir.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, körpə Səhiyyə Nazirliyinin Elmi-tədqiqat Pediatriya İnstitutuna yerləşdiriləcək.


Ölən iki körpənin meyitlərinin də müayinə üçün Bakıya yola salındığı bildirilib.

***

Salyan Rayon Mərkəzi Xəstəxanasında iki körpə ölümü baş verib.

Salyan şəhər sakini, 1990-cı il təvəllüdlü Mirzabitə İlham qızı Abdullayeva ötən gecə Salyan Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində üçəm dünyaya gətirib.

Doğuş normal həyata keçsə də, bir müddət sonra uşaqlardan ikisi ölüb. Valideynləri doğuşdan sonra kuvezə yerləşdirilən körpələrin ölümünü elektrik enerjisinin kəsilməsi, yaranan oksigen çatışmazlığı ilə əlaqələndiriblər.


Salyan Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Hüseynağa Həsənov isə bildirib ki, uşaqların ölümünün elektrik enerjisinin kəsilməsi ilə əlaqəsi yoxdur. Onun sözlərinə görə, uşaqlar hamiləliyin 31-ci həftəsində, yəni vaxtından əvvəl dünyaya gəlib. Ölən körpələrin çəkisi 1,1 və 1,305 kiloqram olub. Körpələrin doğuşdan 30 dəqiqə sonra öldüyü bildirilib. Sağ qalan körpənin çəkisi isə 1,250 kiloqramdır.

Salyan Rayon Mərkəzi Xəstəxanasında dünyaya gələn üçəmlərdən ikisinin ölməsi ilə bağlı yayılan xəbərlərə Səhiyyə Nazirliyi də münasibət bildirib.

Nazirliyin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova deyib ki, Mirzabitə İlham qızı Abdullayeva gecə saat 22:15 də xəstəxananın doğum şöbəsində üçəm dünyaya gətirib: “Doğuş hamiləliyin 31-ci həftəsində baş verib. Uşaqların çəkisi çox kiçik olub. Onlara intensiv yardım göstərilib. Bütün yardımlara baxmayaraq uşaqlardan biri gecə saat 1:00-də, digəri isə 1:10-da tələf olub".

Küvezə yerləşdirilən uşaqların işıqların sönməsi nəticəsində yaranan oksigen çatışmazlığından ölməsi barədə yayılan məlumatlara münasibət bildirən nazirlik əməkdaşı deyib ki, rayonda elektrik enerjisi saat 01.30 radələrində kəsilib: "Yəni işığın sönməsinin bu məsələyə heç bir adiyyatı yoxdur və xəstəxananın reanimasiya, doğum şəbələrində generatorlar var" (APA).

Teleqraf.com


Müəllif:

Oxşar xəbərlər