Nazirlər Kabineti "Azərbaycan Respublikası vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə çağırışı üzrə Mərkəzi Çağırış Komissiyasının tərkibi"ni və "2016-cı il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılan çağırışçıların say bölgüsü"nü təsdiq edib.
Teleqraf.com xəbər verir ki, bununla bağlı qərarı baş nazir Artur Rasi-zadə imzalayıb.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə, Daxili İşlər Nazirliyinə, Səhiyyə Nazirliyinə, Nəqliyyat Nazirliyinə, Maliyyə Nazirliyinə və yerli icra hakimiyyəti orqanlarına 2016-cı il iyulun 1-dən 30-dək Azərbaycan vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə çağırılmasının təmin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri həyata keçirmələri tapşırılıb.
Azərbaycan vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə çağırışı üzrə Mərkəzi Çağırış Komissiyasının rəhbəri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimovdur.
Azərbaycan müdafiə nazirinin müavini Kərim Vəliyev komissiya sədrinin müavini təyin olunub.
Komissiyanın üzvləri isə səhiyyə nazirinin müavini Abbas Vəlibəyov, daxili işlər nazirinin müavini Oruc Zalov, fövqəladə hallar nazirinin müavini Ragim Lətifov, ədliyyə nazirinin müavini Toğrul Musayev, Dövlət Sərhəd Xidməti rəisinin müavini Azad Ələkbərov və Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin müavini Niyazi Hacıyevdir.