21 İyun 2016 17:50
928
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lənkəran şəhərində Nizami Gəncəvinin heykəli və şairin adını daşıyan tarixi memarlıq abidəsi sökülür.

Bu barədə “Qəsr” Mədəni İrsi və Tarixi Abidələri Qoruyaq” İctimai Birliyinin rəhbəri Fəxrəddin Gözəlov məlumat verib.

Onun sözlərinə görə, tarixi memarlıq abidəsini “Neon-111” MMC sökərək məhv edib: “Nizami adına kinoteatrın binası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli qərarına əsasən, 4792 inventar sırası ilə dövlət mühafizəsinə götürülüb. Ancaq bina heç bir hüquq müəyyənedici sənəd olmadan “Neon-111” Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən sökülüb, yerində “Neon” şadlıq sarayı tikilir. Nizami Gəncəvinin kinoteatrın qarşısındakı heykəli də sökülüb”.

Təşkilat məsələ ilə bağlı Lənkəran Şəhər İcra Hakimiyyətinə müraciət edib. İcra başçısı Taleh Qaraşovun imzası ilə verilən cavabda bildirilib ki, bina Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən hərraca çıxarılıb və “Neon-111” MMC tərəfindən satın alınıb. “Neon-111” MMC sözügedən tikilini söküb, yerində qeyri-yaşayış obyekti üçün tikinti işləri aparıb.

Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Lənkəran şəhər İcra Hakimiyyətinə müraciətindən sonra tikinti işləri dayandırılıb: “Lakin təşkilatımızın apardığı monitorinqlər göstərir ki, tikinti işləri hələ dayandırılmayıb. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanunun 4-cü maddəsində göstərilir ki, özəlləşdirilmiş yerli əhəmiyyətli memarlıq abidələrinin görkəmini və daxili quruluşunu pozmaq, onların mədəni, tarixi dəyərinə xələl gətirə biləcək hər hansı hərəkət qadağandır. Abidənin bədii-estetik görkəminin dəyişdirilməsi, uçurulması və onlar üçün təhlükə yarada biləcək təmir, inşaat, təsərrüfat və digər işlərin aparılması da qanunla qadağan edilib. Abidəni məhv edənlər cəzalandırılmalıdırlar”.

Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov Teleqraf.com-a açıqlamasında bildirib ki, Xidmət Lənkəran şəhər İcra Hakimiyyətinə məktub ünvanlayıb, qanunsuz tikintinin dayandırılmasını tələb edib: “Biz qanun çərçivəsində müraciət etmişik. Artıq cavabdehlik Lənkəran İcra Hakimiyyətinin boynundadır. Bizim əlimizdə özümüzün polisimiz yoxdur ki, gedib tiklini saxlatdıraq”.

Zakir Sultanov qeyd edib ki, qanunsuz tikili dayandırılmasa, Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti “Neon-111” Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəməyə verəcək: “Düşünürəm ki, hər şey qanun qarşısında həll olunmalıdır: “Əgər onlar qanunsuz tiklini dayandırmasalar, onları məhkəməyə verəcəyik”.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər