Hazırda Respublika Endokrinoloji Mərkəzdə (REM) 512 nəfər şəkərli diabetli xəstə uşaq dispanser qeydiyyatındadır.
Teleqraf.com xəbər verir ki, bunu Respublika Endikronolji Mərkəzin direktoru Yusif İsmizadə bildirib.
Direktorun sözlərinə görə, uşaqlar insulin analoqları, qlükometr ve test çubuqları ilə daim tam təmin olunur. 90 nəfər uşaq REM tərəfindən insulin pompaları və onların ləvazimatları ilə təmin ediliblər:
"Bütün şəkərli diabet xəstələrinin şəkərsalıcı preparatlar, insulin, insulin analoqları və özünənəzarət vasitələri ilə təmin olunması işi Bakı şəhəri ilə yanaşı respublikanın rayonlarında da aparılır. Həyata keçirilən işlər çərçivəsində 45 min 154 nəfər şəkərli diabet xəstəsi qlükometrlə təmin olunub, 14 min 397 nəfər şəkərli diabet xəstəsinə insulin terapiyası xidməti təqdim edilir. Bundan başqa, bölgələrdə maarifləndirmə işinin daha yaxşılaşdırılması üçün REM tərəfindən elmi-praktik konfranslar təşkil olunur (Mingəçevir, Xaçmaz, Masallı, Gəncə və basqa bölgələrdə).
Maarifləndirmə işinin davamı olaraq xəstələrlə, xüsusilə uşaq pasientlərə təlimlər habelə hər ayın 3-cü Bakı şəhərində fəaliyyət göstərən həkim endokrinoloqlar üçün elmi-praktik konfranslar keçirilir.
Bundan başqa, Bakı şəhəri poliklinikalarında və bölgələrdə “diabet pəncəsi” xidmətinin yaradılmasına dair hazırlıq işləri aparılır.
REM eyni zamanda diabet xəstələrinin istirahətinin təşkili məqsədi ilə də zəruri işlər görür. Mərkəz Azərbaycan Diabet Liqası və Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə 50 nəfər şəkərli diabetli (tip 1) gənclərin yay düşərgəsinə istirahətini təşkil edib".
İlhamə ƏBÜLFƏT