22 İyun 2016 18:35
3 055
12 Punto 14 Punto 16 Punto 18 Punto

Artıq müqəddəs Ramazan ayının yarısı arxada qalıb. Yay aylarına təsadüf edən orucluqda 17 saat ac-susuz qalmaq asan deyil. Bu baxımdan səhər imsakda, axşam iftarda yeməyə xüsusi diqqət yetirmək lazımdır.

Bildiyimiz kimi, iftar zamanı süfrəyə adətən, öncə su və xurma, çörək, zeytun, pendir, sonra isə şorba, ətli və ətsiz plov, qovurma, tərəvəz qoyulur. Son illər oruc tutanların iftarı evdən kənar restoranlarda açması halları çoxalıb. Elə şəhərdəki restoranların da iftar hazırlığı apardığını görmək çətin deyil.

Paytaxtda fəaliyyət göstərən bir sıra restoranların təqdim etdiyi imsak və iftar süfrələri ilə maraqlandıq.

“ÖZsüt” restoranın adminstratoru Orxan Mirzəzadə deyir ki, restoranda imsak və iftar menyusu təqdim olunur: “İmsak menyusunda açıq bufet olur. Oruc tutan insanlar nə istəsələr seçib yeyə bilərlər. İftar süfrəsinə isə üç cür - 17, 20 və 25 manatlıq menyular daxildir. Hər üç menyuda su, meyvə suyu, ayran təqdim olunur ki, üçündən birini seçə bilərsiniz. Yeməkdən əvvəl acılı əzmə, badımcan salatı və daha sonra mərcimək şorbası olur.

Təqdim olunan üç menyunu bir-birindən fərqləndirən cəhət odur ki, 17 manatlıq menyuda ana yemək quzu-köftə, 20 manatlıq menyuda quzu-hindu kababı, 25 manatlıq menyuda isə fırında dana əti təqdim olunur. Bütün menyuların axırında çay ilə şirniyyat verilir”.

İmsak və iftar menyusu keçən ilki qiymətlə eyni olduğunu deyən Orxan Mirzəzadə qiymətləri baha saymır: “Menyuda bir çox məhsullar cəm halda daha ucuz təqdim olunur. Restoranımızın özünə məxsus qiymətləndirmə strategiyası var. Ölkədə ikinci devalvasiya olduqdan sonra da menyunun qiymətini qaldırmayan, hətta bəzi məhsullarda endirim edən restoranlardan biriyik”.

Orxan Mirzəzadə deyir ki, müştəri narazılığına nadir hallarda rast gəlirlər: “Bu da normaldır. Restoran biznes xarakterli ictimai iaşə obyektidir. Heç bir restoranın nizamnaməsində söz verilməyib ki, Ramazan ayında ödənişsiz imsak və iftar süfrəsi veriləcək. Xeyriyyə məqsədli fəaliyyətini təbii ki, bizim restoran da həyata keçirir”.

“Dalida de Luxe” restoranında bildirildi ki, 5 manata yığcam bir iftar menyusu təklif edirlər: “Həmin qiymətə zeytun, holland pendiri, ağ pendir, pomidor, xiyar, su, xurma daxildir”.

“QOÇ ƏT” restoranından verilən məlumata görə, bu restoranda axşamlar yalnız iftar menyusu təqdim olunur: “Bir nəfər iftar üçün 20 manat ödəməlidir. Menyuya soyuq qəlyanatılar - xurma, çoban salatı, pendir yağ ilə, zeytun daxildir. Şorbalardan mərci şorbası, iştah açıcı çiy köftə verilir. İsti yemək kimi kabablar təklif olunur. Məsələn, dana can əti 130 qram, dana lülə 200 qram, toyuq kababı 130 qram... Menyuların axırında türk paxlavası ilə şirniyyat verilir”.

“Maestro” restoranın meneceri Vaqif Musayev deyir ki, restoran bu aya özəl olaraq iftar menyu tərtib edir: “Müştərilərimiz 10 manat ödəməklə təqdim olunan çeşidlərdən seçə bilərlər. Məsələn, badımcan dolması, toyuq, meyvə salatı, kompot, su, xurma, quru meyvələr. Restoranımıza 4 və daha artıq adam üçün 15 faiz endirim edilir”.

“Sahil” restoranında isə 15 manata iftar süfrəsinə bunlar gətirilir: Xurma, su, pendir, təzə salat, mərci və toyuq şorbası, 2 porsiya yeni hazırlanmış kabab, çay, kofe, meyvə suyu, qazlı su.

Oruc tutan insanlar iftar menyusu ilə maraqlanan zaman onların qiymətdən razı, ya narazı qaldıqları bilinir. Restoranların feysbuk sosial şəbəkədəki səhifələrində yazılan rəylər bunun bariz nümunəsidir. Bəzi insanlar 20-25 manata iftar menyusunu israfçılıq hesab edirlər.

Bəs 17 saat müddətində ac-susuz qalmaq oruc tutan insanların sağlamlığında heç bir problemlə qarşılaşmamaq üçün necə qidalanmalı?

Diyetoloq Ləman Süleymanovanin sözlərinə görə, oruc tutan insanlar çalışmalıdırlar ki, imsak və iftar vaxtı çoxlu maye qəbul etsinlər: “Çünki 17 saat onlar heç bir şey yemirlər. İmsak zamanı duzlu qidaları qəbul etmək düzgün deyil. Duzsuz pendirlərə üstünlük vermək lazımdır. Qaymaq və digər ağartı məhsullarından da istifadə etmək olar. Meyvə şirəsi içmək də yaxşıdır. Səhər yuxudan oyanan kimi mütləq iki stəkan su içilməsi yaxşı olar. Oruc tutarkən daha dözümlü olmaq üçün imsakda plovdan, xəmir xörəklərdən kənar durmaq lazımdır. Əgər insanlar imsak zamanı düzgün qida qəbul etsələr, gün boyu həm su, həm qidalanma balanslarını qoruyarlar.

Ləman Süleymanova deyir ki, imsaka qalxmayanlar gecə iftar zamanı fasiləsiz qida qəbul edirlər ki, bu da onların sağlamlığına ziyandır: “İftar süfrəsində israfçılığa yol veriləməməlidir. Çünki iftarda bir stəkan su da mədənin rahatlaşmasına kömək edir. 5-10 dəqiqə sonra yeməyə başlamaq olar. Təbii ki, əvvəlcə sulu yeməklərin yeyilməsi yaxşıdır. Çünki birdən-birə ağır yeməyə keçmək xüsusilə mədə-bağırsaq sistemində problemi yarada bilər”.

Oruc tutan insanların yuxu rejiminə düzgün əməl etməli olduğunu vurğulayan diyetoloqun sözlərinə görə, stressdən də uzaq qalmaq lazımdır: “Oruc tutmazdan 20 gün əvvəl bədəni buna hazırlamaq da lazımdır. Qidanın kalorisini azaltmaq, rejimlə qidalanmağa çalışmaq gərəkdir”.

İlhamə Əbülfət


Müəllif:

Oxşar xəbərlər