Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 21-də orta ümumtəhsil müəssisələrinin 9 və 11-ci sinif şagirdləri üçün keçirilmiş buraxılış imtahanlarının nəticələrini elan edib.
İmtahanın nəticələri iyun ayının 23-də saat 17:35-dən etibarən TQDK-nın internet saytında yerləşdirilib.
İmtahanda iştirak etmiş hər bir şagirdin test tapşırıqlarına verdiyi düzgün və səhv cavablar haqqında məlumatı Komissiyanın internet saytı ilə yanaşı Azercell, Bakcell və Nar Mobile nömrələrindən mobil telefonla şagird kodunu 7727 nömrəsinə göndərməklə öyrənmək olar.
İmtahanlar Naxçıvan, Ağcabədi, Ağdam, Zərdab, Bərdə, Tərtər, Füzuli, Beyləqan, Göyçay, Ucar, Kürdəmir, Ağdaş, Yevlax, Ağsu, Abşeron, Sumqayıt şəhərlərində yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində mərkəzləşdirilmiş qaydada aparılıb.
9-cu sinif üzrə məlumatlar
Buraxılış imtahanları test üsulu ilə ana dili və riyaziyyat fənləri üzrə keçirilib. Şagirdlərə hər bir fənn üzrə 30, ümumilikdə 60 test tapşırığı təqdim olunub. Bundan əlavə, şagirdlər təqdim edilmiş mövzü üzrə yazı işi (inşa) yerinə yetirmişlər. İmtahanın ümumi müddəti iki saat müəyyən edilmiş, test tapşırıqlarının yerinə yetirilməsinə 1,5 saat, yazı işinin yerinə yetirilməsinə 30 dəqiqə vaxt ayrılıb.
İmtahanda iştirakı nəzərdə tutulan 26072 şagirddən 969 nəfəri imtahana gəlməyib. 4 nəfər qaydaları pozduğu üçün (imtahan binasına mobil telefon keçirtməyə cəhd, sual kitabçaları və cavab kartlarının dəyişdirilməsi, nizam-intizam qaydalarının pozulması) imtahandan xaric edilib, 1 nəfərin isə cavab kartını imtahan binasından çıxartmağa cəhd göstərdiyi üçün imtahan nəticələri ləğv olunub. İştirakçılardan 37 nəfəri maksimum nəticə göstərərək 60 bal toplayıb.
11-ci sinif üzrə məlumatlar
XI sinif şagirdləri üçün buraxılış imtahanları test üsulu ilə ana dili, riyaziyyat və xarici dil/kimya fənləri üzrə keçirilmişdir. Şagirdlərə hər bir fənn üzrə 30, ümumilikdə 90 test tapşırığı təqdim edilmişdir. Bundan əlavə, şagirdlər təqdim edilmiş mövzu üzrə yazı işi yerinə yetirmişlər. İmtahanın ümumi müddəti 2 saat 45 dəqiqə müəyyən edilmiş, test tapşırıqlarının yerinə yetirilməsinə 2 saat 15 dəqiqə, yazı işinin yerinə yetirilməsinə 30 dəqiqə vaxt ayrılıb.
İmtahanda iştirakı nəzərdə tutulan 21188 şagirddən 753 nəfəri imtahana gəlməyib. 30 nəfər qaydaları pozduğu üçün (imtahan binasına mobil telefon keçirtməyə cəhd, sual kitabçaları və cavab kartlarının dəyişdirilməsi, nizam-intizam qaydalarının pozulması) imtahandan xaric edilib. İştirakçılardan 59 nəfəri maksimum nəticə göstərərək 90 bal toplayıb.