24 İyun 2016 00:20
613
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 23-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə uşaq evləri və Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin sakinləri üçün növbəti dəfə maraqlı şənlik təşkil olunub.

Teleqraf.com xəbər verir ki, şənlikdə Fondun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.

Bu dəfə Heydər Əliyev Fondu uşaqları paytaxtın dənizkənarı istirahət məkanlarından birinə topladı. Fondun təşəbbüsü ilə təşkil olunan şənliyə xüsusi avtobuslarla gətirilən uşaqları nağıl qəhrəmanları qarşıladılar. Nizami rayonunun 1, Suraxanı rayonunun 2, Xətai rayonunun 3 saylı uşaq evlərinin və Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin sakinləri bu məkanda yay mövsümünün ovqatını hiss etdilər, günəşli günlərin qayğısız anlarını yaşadılar.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da övladı ilə birlikdə uşaqların şənliyinə qoşuldu. Balacalara xas olan hədsiz səmimiyyət və sevinclə əylənən uşaq evlərinin sakinləri və xüsusi qayğıya ehtiyacı olan uşaqlar müxtəlif oyunlarda iştirak etdilər, bu isti yay günündə hovuzda üzdülər, sevinclərini ətrafdakılarla bölüşdülər.

Leyla Əliyeva uşaqlarla söhbət etdi, şənliklə bağlı fikirlərini öyrəndi, onlarla şəkil çəkdirdi. Uşaq evlərinin və Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin sakinləri təəssüratlarını bölüşdülər, burada yeni dostlar qazandıqlarını söylədilər, iştirak etdikləri oyunlar, əyləndikləri attraksionlar barədə danışdılar.

Bununla da xeyriyyəçiliyi, böyüməkdə olan nəslin hərtərəfli qayğı ilə əhatə olunmasını fəaliyyətinin prioritet istiqamətləri kimi müəyyən edən Heydər Əliyev Fondu paytaxtdakı uşaq müəssisələrinin sakinləri ilə görüşə növbəti hədiyyəsi ilə gəldi, onlara mənalı, maraqlı və unudulmaz bir gün yaşatdı. Tədbirdə balacalar üçün əsl bayram ab-havası yaradıldı. Uşaqlar müxtəlif rəqslər, mahnılar ifa etdilər, məharətlərini göstərdilər.

Heydər Əliyev Fondunun həyata keçirdiyi çoxşaxəli fəaliyyətin bir hissəsi olan bu şənlik onlarla uşağı sevindirdi. Fondun himayəsi altında uşaqlarla bağlı həyata keçirilən aksiyalar ilk növbədə qaçqın və məcburi köçkün ailələrindən olan uşaqlara kömək, diabet və talassemiya xəstəliklərindən əziyyət çəkən balacalara yardım, respublikadakı uşaq evlərinin və internat məktəblərinin əsaslı şəkildə yenidən qurulması, yeni məktəb binalarının tikilməsi məqsədi daşıyır.

Bu dəfə də hər bir uşağa Heydər Əliyev Fondunun hədiyyələri təqdim edildi.

Bayram şənliyində iştirak edən 200-yə yaxın uşağın təbəssümü onlara maraqlı bir gün bəxş edən Heydər Əliyev Fondunun fəaliyyətinə verilən ən yüksək qiymət idi.


Müəllif:

Oxşar xəbərlər