Təhsil naziri Mikayıl Cabbarov ümumtəhsil məktəblərinin 2016-2017-ci dərs ilinə aid tədris planlarının təsdiqi barədə əmr imzalayıb.
Təhsil Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, əmrə əsasən, Azərbaycanda tədris Azərbaycan, rus, gürcü dillərində aparılan, ləzgi dili və azsaylı xalqların dilləri öyrədilən ümumtəhsil məktəbləri üçün 2016-2017-ci dərs ilinə tədris planları və tədris planlarına dair “Qeydlər” təsdiq edilib.
Buraya ümumtəhsil məktəblərinin I-IX sinifləri üçün tədris planları, ləzgi dili öyrədilən ümumtəhsil məktəblərinin I-IX sinifləri üçün tədris planları, ümumtəhsil məktəblərinin X-XI sinifləri üçün tədris planları, azsaylı xalqların dilləri öyrədilən ümumtəhsil məktəblərinin I-IV sinifləri üçün tədris planları daxildir.
Tədris planında dərs məşğələlərinin vaxtı da açıqlanıb. Ümumtəhsil məktəbində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14- də başa çatmalıdır. Dərs ili iki yarım ilə bölünür. Birinci yarım il 15 sentyabr - 26 yanvar tarixləri, ikinci yarımil isə 1 fevral - 14 iyun tarixlərində müəyyənləşib.
Əmrə əsasən, dərs ili ərzində tətillər də müəyyən edilib. 5 günlük payız tətili 16-20 noyabr, 5 günlük qış tətili 27-31 yanvar, ibtidai siniflər üçün 5 günlük əlavə yaz tətili isə 1-5 may tarixlərində olacaq.
İlhamə ƏBÜLFƏT