Ordu quruculuğu prosesi təkcə maddi-texniki təminatla məhdudlaşmır. Döyüş qabiliyyəti, əsgər-zabit heyətinin mənəvi-psixoloji durumu mühüm yer tutur. Mən tam əminliklə deyə bilərəm ki, bu baxımdan Azərbaycan Ordusu güclü ordular sırasındadır.
Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev iyunun 25-də hərbçilərlə görüşündə söyləyib.
Dövlətimizin başçısı döyüş qabiliyyətinin artdığını, orduda mənəvi-psixoloji vəziyyətin çox müsbət, vətənpərvərlik ruhunun, nizam–intizamın yüksək səviyyədə olduğunu, bütün bu amillərin hərbi gücümüzü daha da artırdığını vurğulayıb.
Prezident İlham Əliyev bildirib ki, bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır və aprel döyüşləri bunu bir daha sübut etdi. Bütün dünyaya sübut etdi ki, bu gün Azərbaycanla hesablaşmaq lazımdır.
“Azərbaycan nəinki iqtisadi və sənaye gücünə malikdir, biz hərbi sahədə də artıq böyük nailiyyətlərə çata bilmişik. Bu proses daim aparılacaqdır, döyüş qabiliyyəti daim təkmilləşməlidir və Azərbaycan qarşıda duran bütün vəzifələri bundan sonra da uğurla icra edəcəkdir”, - deyə dövlətimizin başçısı qeyd edib.