27 İyun 2016 10:33
475
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 3-4-də Bakıda keçirilmiş Dünya Azərbaycanlılarının IV Qurultayının iştirakçısı olan Danimarka “Vətən” Cəmiyyətinin sədri Səfər Sadiqi təəssüratlarını bölüşüb.

Yüksək səviyyədə təşkil olunan Qurultay çərçivəsində vacib məsələlərin qaldırıldığını deyən Səfər Sadiqi bu tədbiri diasporumuzun inkişafı yolunda aparılan işin məntiqi davamı kimi qiymətləndirib. Diaspor fəalı Qurultayda dünya azərbaycanlılarının ölkəmiz və xalqımız ətrafında daha sıx birləşməsi üçün konkret məsələlərin müzakirə edildiyini, tarixi qərarların qəbul olunduğunu bildirib. O, bu qərarların xaricdə ölkəmizi təmsil edən hər bir azərbaycanlı qarşısında konkret vəzifələr qoyduğunu vurğulayıb.

Qurultayın açılışında Prezident İlham Əliyevin söylədiyi nitqin tədbirin hər bir iştirakçısında vətənpərvərlik ruhunun yüksəlməsinə stimul verdiyini və gələcək işlərində fəaliyyət proqramı kimi qəbul olunduğunu deyən “Vətən” Cəmiyyətinin sədri qaldırılan məsələlərin Azərbaycan diasporunun gələcəkdə uğurlar qazanmasına zəmin yaratdığını deyib. O, bildirib: “Dövlətimizin başçısının prinsipial məsələlərə dair qətiyyətli mövqeyi bütün iştirakçılar üçün qürurverici oldu. Azərbaycan Prezidentinin nitqi apardığımız işdə məsuliyyətimizi daha da artırıb”.

Qurultay ərəfəsində Azərbaycan Prezidentinin sərəncamları ilə bir qrup diaspor fəalının təltif edildiyini diqqətə çatdıran S.Sadiqi bunun dövlətimizin başçısının diaspor təşkilatlarına diqqət və qayğısının bariz nümunəsi olduğunu vurğulayıb.

Qurultayda toxunulan məsələlərlə bağlı fikirlərini bölüşən Səfər Sadiqi müasir dövrdə informasiya müharibəsi, diasporumuzun müdafiədən hücuma keçid siyasəti, dövrün reallıqları və yeni fəaliyyət vektorunun müəyyənləşdirilməsi kimi vacib məsələlərin müzakirəsinin düzgün və vaxtında atılan addım olduğunu qeyd edib.

Dünya Azərbaycanlılarının IV Qurultayında Skandinaviya Türk Federasiyasının sədr müavininin də iştirak etdiyini diqqətə çatdıran diaspor fəalı bildirib: “Düşünürəm ki, hər bir xarici ölkədə türkdilli millətlərin birliyi yaradılmalıdır. Biz belə bir birlik yaratmışıq və uğurlu nəticələr əldə etmişik. Bu birlik sayəsində zəmanənin çağırışlarına qarşı gücümüz daha da artır”.

Birliyin fəaliyyətindən danışan Səfər Sadiqi birgə əməkdaşlıq sayəsində ABŞ-dakı erməni diasporunun maliyyə dəstəyi ilə Ermənistanın Danimarkadakı səfirliyi tərəfindən Kopenhagendə uydurma “erməni soyqırımı” ilə bağlı abidə kompleksinin ucaldılması planının qarşısının alındığını diqqətə çatdırıb. (“Azərtac”)


Müəllif:

Oxşar xəbərlər