“Ağdaşda qəribə məxluqların peyda olması ilə bağlı deyilənlər xurafatdır”.
Bu sözləri Teleqraf.com-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin Ağdaş üzrə səlahiyyətli nümayəndəsi, rayonun əsas məscidinin imamı Əli Məmmədov deyib.
Onun sözlərinə görə baş verənlərlə bağlı müxtəlif fikirlər mövcuddur: “Baş verənləri televiziyada izlədim. Bu söz-söhbət rayonun ancaq Qoşaqovaq kəndi ilə bağlıdır. Bəziləri deyir onlar saqqallıdır, bəziləri deyir qulyabanıdır. Bu, necə ola bilər? Necə ola bilər ki, qulyabanı ancaq o kənddə peyda olsun? Bəziləri də deyir, dayanıb siqaret çəkirlər... Bunlar insanlardır, ola bilər ki, məqsədyönlü edirlər. Dəqiq nəsə deyə bilmirəm. Bununla bağlı hüquq-mühafizə orqanları ciddi tədbirlər görür. İnşallah, ən qısa zamanda onların kimliyi məlum olar”.
Qeyd edək ki, bir həftəyə yaxındır Ağdaş rayonunun Qoşaqovaq kəndində gecələr qəribə məxluqların peyda olduğu, insanlara ciddi zərər yetirməsə də qorxu və narahatlıq yaratdığı haqda məlumatlar yayılır. Bu gün “Report”a açıqlama verən kəndin bələdiyyə sədri Cəbrayıl Həşimov kənd ərazisinə axşam saatlarında giriş-çıxışin polis tərəfindən məhdudlaşdırıldığını deyib:
"Həqiqətən gecələr kənddə gəzən var. Ancaq bu, hansısa məxluq yox, adi insandır. İndiyə qədər heç kimə xəsarət yetirilməyib və heç kimin evindən oğurluq edilməyib. Sakinlərin gözünə görünən bu insan təhlükəsiz olsa da, əhalini qorxu içərisində saxlayır".
Kənd sakini İlham Eyyubovun sözlərinə görə, müxtəlif boyda və görkəmdə olan şəxslər gecə saat 12-dən 4-ə qədər kənd ərazisində gəzirlər: "Dəfələrlə onları tutmaq istəmişik. Lakin onlar bizim keçə bilmədiyimiz tikanlı məftillərin, hündür hasarların üstündən asanlıqla keçib qaça bilirlər".
Pərvin