30 İyun 2016 15:55
498
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Təhsil Nazirliyində Maarifçi Tələbə Kredit Fondunun ilk kreditlərini alan tələbələrə sertifikatların təqdim olunması mərasimi keçirilib.

Teleqraf.com-un məlumatına görə, təhsil naziri Mikayıl Cabbarov bildirib ki, nazirliyin təşəbbüsü ilə yaradılan Maarifçi Tələbə Kredit Fondunun əsas missiyası təhsil haqqını ödəməkdə çətinlik çəkən aztəminatlı ailələrdən olan tələbələrə uzunmüddətli güzəştli kreditlər verilməsi vasitəsilə onlara ali təhsil almaqda bərabər imkanların yaradılmasıdır: “Hər il 33 faiz tələbə ali məktəblərdə dövlət hesabına təhsil almaq hüququ qazanır. Ümumiyyətlə ali təhsilə olan marağı dəstəklənməlidir.

Əksər tələbələr öz təhsillərini əldə etdiyi dövrdə ailələrinin sosial-iqtisadi vəziyyəti dəyişə, təhsil haqlarının ödənməsində müəyyən problemlər ortaya çıxa bilər. Bir çox ölkələrdə olduğu kimi Azərbaycanda da təhsil kreditlərinin tətbiq edilməsi tələbələrin təhsil haqqını ödəməkdə yaranan çətinliklərini aradan qaldıracaq”.

Maarifçi Tələbə Kredit Fondunun icraçı direktoru Rüfət Mahmud bildirib ki, Fond yarandığı gündən ümumilikdə 300 tələbə bu layihəyə maraq göstərib: “İyunun 3-dən 25-dək isə kredit almaq üçün ümumilikdə 55 elektron müraciət daxil olub. Onlardan 22-si Fondun müəyyən etdiyi meyarlara uyğun gəlib və 22 müqavilə imzalanıb. Bu kreditlərdən 10-u standart kredit paketi, 12-si isə güzəştli kredit paketi şəkilində verilib.

Mənfi cavab alan tələbələr iki qrupa bölünüb. Bunlar akademik göstəricisi 71-dən aşağı olanlar, akademik borcu uyğun olmayanları sayı 10, sonrakı illər üçün müraciətlərin sayı isə 13 olub. Eləcə də valideynlərinin kredit tarixçələrində olan sənədləşmə uyğunsuzluğu olanların sayı isə 8 nəfərdir”.

Sonra təhsil naziri Maarifçi Tələbə Kredit Fondunun ilk təhsil krediti ayırdığı bir qrup tələbəyə müvafiq sertifikatları təqdim edib.

Xatırladaq ki, sertifikat alan tələbələrin oxuduğu ali təhsil müəssisələri sırasında Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti, Gəncə Dövlət Universiteti və Sumqayıt Dövlət Universiteti var.

Ümumilikdə isə təsisatçı qismində iştirak edən 10 universitetdə 350-400 arası tələbə yeri Təhsil Nazirliyində Maarifçi Tələbə Kredit Fondunun balansındadır.

Kreditin maksimum faiz dərəcəsi 8% olacaq. Tələbə universiteti bitirəndən sonra onlara 1 il də güzəşt veriləcək. Növbəti ildən isə 10 il müddətində krediti qaytarmalı olacaq. Fondun maliyyə əməliyyatlarını həyata keçirən agent bank “Kapital Bank” seçilib. Bir tələbə 1 il üçün maksimum 4000 manat məbləğində şərti qaydada kredit ala bilər.

Tələbələr üçün standart və güzəştli paketlər olacaq. Belə ki, standart paketlərdə 8%-lik kredit dərəcəsi nəzərdə tutulur. Güzəştli paketlərdə isə 6%-lik kredit dərəcəsi müəyyənləşdirilib. Güzəştli paketlərdən ailə başçısını itirmiş, sağlamlıq imkanı məhdud olanlar tələbələr yararlana biləcəklər.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər