Yayın qızmar dövrü başlayıb. Şəhər sakinləri yay aylarında istirahət üçün istidən, səs-küydən uzaq, təmiz havası olan bölgələri seçirlər. Amma otellərdə qalmağa hamının imkanı çatmır. Ona görə də kənd sakinlərinin təklif etdiyi evlərə üstünlük verməli olurlar.
Kənd evi, bal, nehrə yağı
Bir çox saytlarda kənd evlərinin elanlarına rast gəlmək olur. Məsələn, Qusarda, Şahdağın ətəyində yerləşən Düztahir kəndində qonaqlamaq üçün təklif edilən evlərin qiyməti 1 nəfər üçün gecəsi 20-50 manat arasında dəyişir. Şəkidə bir adam üçün minimum şəraitli evin qiyməti gündəlik 12-25 manatdır. Səhər yeməyi də verilir.
Səhər yeməyinin menyusuna kənd yumurtası, bal, nehrə yağı daxildir. Qəbələnin Qəmərvan kəndində bir gecə qalmaq 50 manata başa gəlir. Müddət çox olarsa endirim edilir. Xaçmazda bir gecə qalmaq üçün 30 manat ödəmək lazımdır.
“Manqaldan istifadə üçün də pul ödədik”
Bakıda yaşayan Firuzə Qəribova deyir ki, ailəsi ilə birgə Qəbələnin Qəmərvan kəndinə 3 günlük istirahətə gedib: “Gecəsi 30 manata qaldıq. Ən ucuzu biz tapan qiymətə idi. 50-60 manata daha yaxşı şəraiti olan evlər vardı. Biz qalan evin şəraiti yaxşı idi. Ev yiyəsi bələdçilik də edirdi. Amma evdə olan manqaldan, samovardan istifadə üçün pul ödəyəsi olduq. Otellərə baxanda qiymət yaxşıdır, amma daha ucuz olsa, insanların çoxu o evlərdə qalar”.
Kənd turizmin inkişaf etdirmək üçün nə etməli?
Mədəniyyət və Turizm Nazirliyi turizm şöbəsinin sektor müdiri Mahir Qəhrəmanovun sözlərinə görə, Azərbaycanda icma əsaslı yaşıl kənd turizminin inkişafına dair konsepsiya hazırlanıb: “Bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi, həmçinin qanunvericilik, marketinq və sairlə bağlı təcrübə mübadiləsinin aparılması məqsədilə 2015-ci ilin 12-16 oktyabr tarixlərində Avropa Komissiyasının Texniki Yardım və İnformasiya Mübadiləsi Aləti (TAİEX) üzrə Azərbaycanda Ekspert Missiyası təşkil olunub”.
Mahir Qəhrəmanov bildirib ki, bölgələrdə fəaliyyət göstərən turizm informasiya mərkəzləri barədə maarifləndirmə işləri aparılır: “İsmayıllı, Şəki, Qəbələ, Zaqatala, Lənkəran, Quba, Xaçmaz regionların mövcud turizm potensialının təbliğ olunması ilə yanaşı, kənd sakinlərinin turistlərin qəbulu, xidmətlər göstərilməsi barədə maarifləndirilməsi aparılır”.
Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən, ailə-kəndli təsərrüfatının hər bir üzvü il ərzində 5000 manatadək gəlir əldə edərsə, o, heç bir vergiyə cəlb olunmur. 4 ailə üzvü varsa, təsərrüfatındakı fəaliyyətdən 20 mindən çox gəlir əldə etdiyi zaman sahibkar kimi qeydiyyatdan keçib vergi ödəməlidir. Az olduqda isə gəlir vergisindən azaddır.
Otel, yoxsa kənd evi?
Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimovun sözlərinə görə, Azərbaycanda 6-7 turizm regionu olsa da, turistlər daha çox 3 bölgəyə üstünlük verirlər – şimal, şimal-şərq və cənub: “Quba, Qusar, Xaçmaz, Nabran, Şamaxı, Qəbələ, Şəki, Zaqatala, Lerik zonasında istirahət edirlər. Statistikaya görə, turistlər daha çox şimal-şərq rayonlarına səfər edirlər. Azərbaycanın bölgələrinə həm daxili, həm də xarici turistləri daha çox cəlb etmək üçün qiymətlərin aşağı salınmasını tövsiyə edilir. Regionlarda 25-30 manata kənd evləri təqdim olunur. Sakinlər bu səbəbdən kən evləri seçirlər”.
Müzəffər Ağakərimov deyir ki, Azərbaycanda kənd turizmi kifayət qədər inkişaf edib: “Ümumiyyətlə, turizmin ölkəmizin bütün rayonlarını əhatə etməsi arzuolunandır. Son dövrlər iqtisadiyyatda baş verən dəyişikliklərdən dolayı kənd yerlərinin bu cür də inkişafı üçün çalışmaq lazımdır. Kənd evinin kirayəsi ilə yanaşı həmin zonada otellərin, koteclərin qiyməti də münasib olmalıdır”.
“Sakinlərə kredit verilməlidir”
“Kənd Yaşıl Turizminin İnkişafına Dəstək” İctimai Birliyinin rəhbəri Qəhrəman Yusupov deyir ki, kənd turizmində dəqiq statistika olmur: “Hər hansı sakin kənd turizminə qoşula, evini turistlərə kirayə verə bilər. Evində istirahət edən turistin məmnun qalması və yenidən tətilə gəlməsi üçün kəndli evində münasib şərait yaratmalıdır. Azərbaycanda daha çox kənd qonaq evləri yayılan ərazi Nabran, Quba Qəbələ, Qusar, Şəki, Oğuz, Qax zonalarındadır”.
Qəhrəman Yusupov qeyd edib ki, kənd turizminin inkişafı üçün dövlət dəstəyi göstərilsə işin xeyrinə olar: “Kənd sakinlərinə kreditlər ayrılmasına ehtiyac var ki, onlar evlərində turist üçün tam şərait yarada bilsinlər”.
İlhamə ƏBÜLFƏT