4 İyul 2016 17:37
716
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Səhiyyə Nazirliyininin kollegiya iclası keçirilib.

Bu barədə Teleqraf.com-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

İclasda Xüsusiləşdirilmiş Angioloji Mərkəzində iyunun 24-də Tərlan Həsən qızı Məmmədovanın cərrahiyyə əməliyyatı zamanı baş verən hadisəyə dair araşdırmanın nəticələri müzakirə edilib. Səhiyyə Nazirliyinin sərəncamına əsasən, hadisəni aparıcı mütəxəssislərdən ibarət yaradılmış komissiya araşdırıb: "Aparılan kliniki və patohistoloji müayinələrlə xəstənin hər iki aşağı ətrafında diabetik makroangiopatiya, arteriyaların stenozu və okklüziyası baş verdiyi müəyyən olunub. Lakin sol ayaq pəncəsində prosesin daha ağır vəziyyətdə olduğu və yaş qanqrenasını nəzərə alaraq 23.06.2016-cı il tarixdə mərkəzdə aparıcı mütəxəssislərin, o cümlədən mərkəzin rəhbərliyinin iştirakı ilə keçirilmiş konsilium tərəfindən Tərlan Məmmədovanın sol aşağı ətrafının budun aşağı 1/3-də amputasiya əməliyyatının həyata keçirilməsi qərara alınıb.

Buna baxmayaraq, cərrahiyyə əməliyyatı zamanı mərkəzin həkim-cərrahları Valeh Kərimov (əməliyyatı icra edən cərrah) və Əfsər Rzazadə (assistent) tərəfindən sol aşağı ətraf əvəzinə, kobud səhv edərək xəstənin sağ aşağı ətrafı amputasiya edilib".

Kollegiyanın qərarına əsasən, Səhiyyə Nazirliyinin Xüsusiləşdirilmiş Angioloji Mərkəzinin həkim-cərrahı Valeh Kərimov işində yol verdiyi ciddi nöqsana görə Əmək Məcəlləsinin 186-cı maddəsinə uyğun olaraq tutduğu vəzifədən azad edilib. Əməliyyatda assistent kimi iştirak edən həkim-cərrah Əfsər Rzazadəyə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.

Bundan əlavə, nazirliyin Xüsusiləşdirilmiş Angioloji Mərkəzinin direktoru Azər Şəmsəddinski tutduğu vəzifədən azad olunub.

Angioloji Mərkəzin direktoru vəzifəsi müvəqqəti olaraq Yunis Eyubova tapşırılıb.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər