Bu gecə saat 3 radələrində Binəqədi rayonu, Xocasən qəsəbəsi ərazisində fəaliyyət göstərən “Lider Cola” şirkətinin istehsal fabrikində güclü partlayış baş verib.
Hadisə müəssisənin sexində sərinləşdirici içkilərə vurulan karbon qazının toplandığı çənin birinin partlaması nəticəsində baş verib.
Hadisə barədə “Lider Cola” şirkətinin əməkdaşı Teleqraf.com-a məlumat verib.
Şirkət təmsilçisinin bildirdiyinə görə, partlayış zamanı xəsarət alan olmayıb: “Hazırda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ərazidədirlər. Müxtəlif instansiyalardan gələn var. Laboratoriyada yoxlama işləri aparılır. Şirkətə dəymiş zərər barədə yaxın 2 saat ərzində ictimaiyyətə məlumat verəcəyik”.
Qeyd edək ki, partlayış zamanı müəssisənin yaxınlığındakı bir neçə mənzil və ticarət obyektinə ziyan dəyib.
İlhamə ƏBÜLFƏT