“Hazırda Azərbaycan yerli istehsal hesabına bir çox məhsullarla özünü 85-110 faiz arasında təmin edir. Ölkəmiz xarici dövlətlərə kartof, tərəvəz, şəkər və sair məhsullar ixrac edir. Lakin ölkənin taxıla, südə və bitki yağlarına olan tələbatının 25-30 faizi idxal hesabına ödənilir. Ölkə əhalisinin bu məhsullara tələbatını tam ödəmək üçün taxıl və süd istehsalı ilə məşğul olacaq iri təsərrüfatların yaradılması prosesi gedir”.
Teleqraf.com xəbər verir ki, bu fikirləri Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib.
E.İbrahimov bildirib ki, Azərbaycan parlamenti bu yaxınlarda “Kənd təsərrüfatı kooperasiyaları haqqında” qanun qəbul edərək, aqrar sektorun inkişafı üçün yeni impuls vermiş oldu. Onun sözlərinə görə, bizim hədəfimiz yaxın illər ərzində ərzaq ehtiyaclarımızı 100 faiz yerli məhsul hesabına ödəməkdən ibarətdir.
“Bunun üçün yerli istehsalın çiçəklənməsi və idxal məhsullarını əvəzləyəcək məhsullarla bağlı yeni obyektlərin istifadəsi nəzərdə tutulub. Hazırda, xarici ölkələrdən gətirilən inqredientlərin yerli məhsulların istifadəsində azaldılması üçün də tədbirlər görülür. İldən-ilə kənd təsərrüfatı məhsullarının ixracı artır və Azərbaycan ekoloji təmiz məhsulların istehsalı üçün böyük potensial qazanır”, – deyə komitə sədri vurğulayıb.
Səxavət