9 İyul 2016 11:14
658
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nizami rayon məhkəməsi fəaliyyəti bir neçə il əvvəl dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) rektoru Elşad Abdullayevin qardaşı Mahir Abdullayevin işində adı hallanan Baş nazirin müavininin sabiq köməkçisi Vaqif Hüseynin vaxtından əvvəl azadlığa buraxılması barədə vəsatətinə baxıb.

Trend-in məlumatına görə, vəsatət təmin edilib. Məhkəmə Vaqif Hüseyni cəzasının çəkilməmiş hissəsindən azad edib. Həmin qərarla razılaşmayan dövlət ittihamçısı isə apelyasiya şikayəti verib.

Şikayətə iyulun 12-də Bakı Apelyasiya Məhkəməsində baxılacaq.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vaqif Hüseyn 4 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Vaqif Hüseyn fəaliyyəti dayandırılan Azərbaycan Beynəlxalq Universitetinin yenidən fəaliyyətə başlaması üçün rüşvət almaqda ittiham olunub. O, Elşad Abdullayevi inandıraraq, etibarından sui-istifadə etməklə və aldatmaqla ondan 2009-cu ilin avqust-oktyabr aylarında 1 milyon ABŞ dolları məbləğində nağd pulu hissə-hissə alıb ələ keçirərək dələduzluq edib.

Vaqif Hüseyn daha sonra pulu qaytarsa da, istintaqla müəyyən edilib ki, Elşad Abdullayev 1 milyon dolları Vaqif Hüseynə məhz rüşvət kimi müvafiq vəzifəli şəxsə çatdırılması məqsədilə verib.


Müəllif: