15 İyul 2016 10:56
729
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının fəaliyyəti dövründə dövlət hər il büdcədən 7 milyon manata yaxın vəsait ayrırdı. Onun 5 milyona qədəri imtahanların keçirilməsinə sərf olunurdu”.

Teleqraf.com-un məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) direktoru Məleykə Abbaszadə imtahanalrın ödənişli keçirilməsi ilə bağlı suala cavab verərkən deyib.

Məleykə Abbaszadə bildirib ki, yeni yaradılmış Dövlət İmtahan Mərkəzini isə dövlət maliyyələşdirməyəcək: “Bundan sonra bizə sifariş verən tərəf ödəniş etməlidir. Xatırladım ki, hər bir abituriyentə 25 manat pul xərcləyirdik. Bu pulu dövlət ödədiyindən normal sayılırdı. Lakin imtahana gəlməyib məsuliyyətsizlik edənlər də olurdu. Sınaq imtahanlarına görə 3 manat ödəniş edilirdi. Lakin sınaq imtahanlarına da hər abituriyent üçün 25 manat xərclənirdi. Regionlarda sınaq imtahanlarının təşkili daha çox xərc tələb edirdi. Həmin sınaq imtahanlarına da qeydiyyatdan keçib gəlməyənlər çox olurdu.

Eləcə bugünkü imtahanlarda da 715 nəfər buraxılış vərəqəsini götürməyib. Üstəlik, vərəqini götürüb imtahana gəlməyənlər də olacaq”.

Məleykə Abbaszadə bildirib ki, 11 illik təhsil ödənişsiz olduğundan buraxılış imtahanları da ödənişsiz olacaq: “Lakin digər imtahanlara xərci dövlət ayıracaq, ya yox, bunu bilmirik. İmtahanları dövlət sifariş verməsə, bu, ödənişli ola bilər. Çünki həmin imtahanlarda iştirak vacib deyil. Bizim üçün fərqi yoxdur ki, ödəniş kim edəcək. Biz sifariş qəbul edirik. Əslində bizim imtahanlar üçün müəyyən etdiyimiz vəsait digər ölkələrdən çox aşağıdır”.

DİM rəhbəri onu da vurğulayıb ki, bütün bu məsələlərlə bağı Tarif Şurasına müraciət ediləcək: “Lakin hansı qərarın qəbul ediləcəyi bizdən asılı deyil. Külək əsdiyinə görə bizi günahlandırmaq doğru deyil. Tələbə Qəbulu üzrə Dövlət Komisiyasının əməkdaşları dövlət qulluğuna qəbul olunmuş şəxslərdir.

Dövlət İmtahan Mərkəzi yeni yaranmış qurumdur və büdcəsi müəyyən edilməyib. Artıq həmin işçilərin də maaşı yenidən müəyyən ediləcək. Biz həmin mütəxəsisləri itirmək istəmirik. Onların da maaşlarını təmin etməliyik”.

Məleykə Abbaszadə imtahanların ödənişli olmasının qəbul imtahanda iştirak edəcək şəxslərin sayına təsir edəcəyini düşünmədiyini deyib: “Ödəniş imtahanın növündən asılı olaraq dəyişəcək. Məsələn, rezidentura imtahanına əlavə professor və müəllim heyəti cəlb olunur. Ekspertlər səhər 08:00-dan imtahana gəlirlər. Biz istəyirik ki, həmin şəxslər ədaləti təmin etsin. Ədaləti təmin etmək üçün onlar maaş almalıdırlar. Ödənişli təhsilin pulunu verə bilən valideyn, yəqin həmin imtahanın da pulunu verəcək. Biz hələ ki, xərclərimizi müəyyən edib hökümətə vermişik”.

Məleykə Abbaszadə ödənişli imtahanlarda müəyyən şəxslərə güzəşt ediləcəyini bildirib.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər