15 İyul 2016 11:41
600
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət İmtahan Mərkəzinin (DİM) direktoru Məleykə Abbaszadə abituriyentlərin ixtisas seçimində yol verdikləri nöqsanlardan danışıb.

Teleqraf.com-un məlumatına görə, DİM rəhbəri abituriyentlərin ərizə qəbulu və ixtisas seçimini “çoxbilmiş” şəxslərə həvalə etmələrindən şikayətlənib: “Bu da sonradan onlara problem yaradır”.

Məleykə Abbaszadə ixtisas seçimi zamanı təqdim olunan plan yerləri, ixtisaslara ötən ilki keçid balları və abituriyentlərin özlərinin topladığı balları nəzərə alınmasını tövsiyə edib: “Bu ilki plan yerləri təqdim olunub. Hansı ixtisaslara dövlət tərəfindən nə qədər yer ayrıldığı müəyyənləşdirilib.

Lakin müşahidələr göstərir ki, imtahandan sonra çox vaxt ixtisas seçimi məsələsi problem yaradır. Çünki ixtisas seçimi abituriyentin özünün yox, valideynin istəyinə uyğun aparılır. Valideynlərə müraciət edərək bildirirəm ki, yarım saat vaxt tapıb, araşdırsınlar, seçimi doğru etsinlər. İxtisasın ödənişli olub-olmadığını öyrənsinlər. Bəzi valideynlər “çoxbilmiş” adamlara müraciət edirlər. Onlar da heç bir əsası olmayan məsləhətlər verirlər”.

Məleykə Abbaszadə bildirib ki, artıq “Abituriyent” jurnalının 4-cü nömrəsi çapdan çıxıb. Ötən ilki keçid balları jurnalda nəşr olunub:

“İxtisas seçimi zamanı yalnız keçən ilki ixtisaslar üzrə keçid balına əsaslanmaq lazım deyil. Diqqət etmək lazımdır ki, təhsilhaqqı aşağı düşüb, yerlərin sayı qalıbsa, deməli, keçid balı qalxacaq. Təhsilhaqqı artıb, yerlərin sayı olduğu kimi qalıbsa, o zaman keçid balı aşağı düşəcək.

Hər bir abituriyent 15 ixtisas seçimi edəcək. Heç kim 15 ixtisası seçməyə məcbur deyil”.

İlhamə ƏBÜLFƏT


Müəllif: