26 İyul 2016 12:25
453
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işsiz və işaxtaran şəxslərin əmək bazarına inteqrasiyası, aztəminatlı ailələr üçün aktiv sosial müdafiə tədbirlərinin təşkili, onların özünüməşğulluğunun təmin edilməsi sahəsində görülən işlərə və qarşıda duran vəzifələrə həsr olunmuş ümumrespublika müşavirəsi keçirilib.

Bu barədə Teleqraf.com-a Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Nazirliyin məşğulluq orqanlarının iştirakı ilə keçən tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov cari ildə dünya iqtisadiyyatında böhranın bir qədər də kəskinləşməsinə baxmayaraq, Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu islahatlar kursunun ölkədə sosial-iqtisadi inkişafın davam etməsinə şərait yaratdığını vurğulayıb. Nazir cari ilin ilk yarımilində iqtisadiyyatın qeyri-neft sektorunda artımın əldə edildiyini, qeyri-neft sənayesində 2,4 faiz, kənd təsərrüfatında 3,1 faiz artımın qeydə alındığını, ölkə iqtisadiyyatına 6,3 milyard dollar sərmayə qoyulduğunu, əhalinin gəlirlərinin də əvvəlki ilin eyni dövrü ilə müqayisədə 8,4 faiz çoxaldığını diqqətə çatdırıb.

S.Müslümov bildirib ki, ölkədə aparılan sosial-iqtisadi siyasətdə əmək resurslarından səmərəli istifadənin təmin edilməsi, əmək bazarının inkişafı əsas prioritetlərdən biridir. Son 12 ildə 1,5 milyondan çox yeni iş yerinin açılması əmək bazarında sabitliyə, işsizliyin 5 faizə qədər azalmasına imkan yaradıb: “Cari ildə də bu istiqamətdə mühüm addımlar atılır. Dövlət başçısının əhalinin məşğulluq imkanlarının artırılması, yeni iş yerlərinin yaradılması ilə bağlı irəli sürdüyü sosial məsuliyyət prinsipi həm dövlət, həm də özəl sektorun əmək bazarında pozitiv meylləri, əmək resurslarından səmərəli istifadəni şərtləndirən birgə səmərəli səylərinin güclənməsinə səbəb olub. Bunun müsbət nəticəsi kimi, cari ilin birinci yarımilində 78 mini daimi olan 90 minə yaxın iş yeri açılıb”.

Nazir Azərbaycan Prezidenti İlham Əliyevin islahatlar kursunun əmək bazarında da inkişaf proseslərinə əsas yaratdığını vurğulayıb: “Torpaqlardan səmərəli istifadə edilməklə kənd təsərrüfatında ixracyönümlü məhsul istehsalı sektorlarının, o cümlədən pambıqçılığın, tütünçülüyün və s. sürətli inkişafına nail olunması əmək resurslarının 36,7 faizinin cəmləşdiyi kənd yerlərində məşğulluğun əhəmiyyətli şəkildə artmasına şərait yaradıb. Həmçinin sosial mənzillərin inşasına başlanması, rayonlarda sənaye zonalarının yaradılması üçün aparılan işlər, müxtəlif bölgələrdə toxuculuqla, xalçaçılıqla məşğul olanlara dövlət dəstəyi nəticəsində təkcə bu sahə üzrə 5 min iş yerinin yaradılması ümumilikdə ölkənin əmək bazarında ciddi irəliləyişlərə səbəb olacaq”.

S.Müslümov bu ilin 6 ayında təqdim edilmiş vakansiyalar əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin xətti ilə 44524 nəfər şəxsin münasib işlə təmin edildiyini, 550 nəfərin ödənişli ictimai işlərə cəlb olunduğunu, Əmək Birjaları vasitəsilə 1135 nəfərin müvəqqəti işlərə göndərildiyini bildirib: “Həmçinin 8 ali təhsil ocağında məzun və tələbələrin əmək bazarına inteqrasiyası məqsədi ilə “Karyerada ilk addım” devizi altında keçirilən 259 müəssisə tərəfindən 1452 boş (vakant) iş yerləri təqdim olunub, bu tədbirlərdə 2115 nəfər məzun və tələbənin şəxsi məlumatları qəbul olunub, 177 nəfərə boş (vakant) iş yerlərinə göndərişlər verilib, 95 nəfər peşə hazırlığı kurslarına cəlb olunması üçün qeydiyyata alınıb.

Əmək bazarına çıxan gənclərin mövcud əmək bazarında formalaşan tələb və təklif barədə məlumatlandırılması da diqqətdə saxlanılır. Belə ki, ölkənin aparıcı ali təhsil müəssisələrində quraşdırılmış 129 elektron informasiya köşkü, habelə müvafiq internet saytı vasitəsilə gənclərə məşğulluq orqanlarına təqdim olunmuş vakansiyalara dair daim yenilənən məlumatları öyrənmək imkanları yaradılıb”.

Nazir işçi qüvvəsinin əmək bazarının tələblərinə uyğunlaşdırılmasının və rəqabət qabiliyyətinin artırılmasının da aktiv məşğulluq tədbirlərinin əsas hədəflərindən olduğunu qeyd edib: “Nazirliyin xətti ilə cari ilin birinci yarımilində ümumilikdə 2121 nəfər əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,1 faiz çoxdur. Onlardan 1935 nəfəri, o cümlədən 85 nəfər əlilliyi olan şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən, 186 nəfər sağlamlıq imkanları məhdud gənc isə nazilriyin 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinə qeyd olunan kurslara cəlb edilib. Yəni peşə hazırlığına cəlb edilənlərin 271 nəfəri məhz əlilliyi olan şəxslər olub. Düzgün peşə seçiminə köməklik məqsədilə peşəyönümü məsləhətləri verilən gənclərin sayı isə 59058 nəfər təşkil edib”.

Peşə hazırlığı və əlavə təhsil kurslarının mühüm bir hissəsinin Dövlət Məşğulluq Xidmətinin regional peşə tədrisi mərkəzlərində təşkil edildiyini bildirən nazir Xidmətin Bakı şəhərindəki və Göyçay rayonlarındakı Regional Peşə Tədrisi Mərkəzlərinin maddi-texniki bazasının gücləndirilməsi işlərinin görüldüyünü, Gəncə şəhərində də Regional Peşə Tədrisi Mərkəzinin yaradılması yönündə işlər aparıldığını diqqətə çatdırıb.

Ölkədə müsbət demoqrafik meyllərin davam etdiyini bildirən S.Müslümov cari ilin yanvar-may aylarında respublika əhalisinin sayının ilin əvvəlindən 41,8 min nəfər və ya 0,4 faiz artaraq iyun ayının 1-i vəziyyətinə 9747,4 min nəfərə çatdığını qeyd edib. Nazir əhalinin, habelə əmək bazarına daxil olan işçi qüvəsinin getdikcə artmasının əmək bazarı ilə bağlı proqramların, eləcə də yeni Məşğulluq Konsepsiyasının hazırlanmasında diqqətdə saxlanmasının vacibliyini vurğulayıb.

S.Müslümov bildirib ki, hazırda qarşıda duran əsas vəzifələrdən biri Azərbaycan Prezidenti cənab İlham Əliyevin “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” 7 aprel 2016-cı il tarixli Sərəncamının icrasını, aztəminatlı ailələrin əmək qabiliyyətli üzvlərinin aktiv əmək bazarı tədbirlərinə cəlb olunmasını, onların özünüməşğulluğunu yüksək səviyyədə təşkil etməkdir: “Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısının qeyd etdiyi kimi, insanlara daha çox imkanlar yaradılmalıdır ki, onlar özləri öz məşğulluğunu təmin etsinlər”.

Nazir diqqətə çatdırıb ki, Sərəncamın icrası ilə əlaqədar elə ilk vaxtlardan məqsədyönlü işlər aparılıb, müvafiq normativ-hüquqi aktların layihəsinin hazırlanması və digər zəruri tədbirlərin həyata keçirilməsi üçün İşçi qrup yaradılıb, özünüməşğulluq layihələrinin həyata keçirilməsinə dair Konsepsiya hazırlanıb. Həmçinin “İşaxtaran vətəndaşların özünüməşğulluq fəaliyyətinin təşkili Qaydaları”nın layihəsi hazırlanaraq nazirliyin Kollegiyasının müvafiq qərarı ilə təsdiq edilib. Həmin Qaydalar proqrama cəlb olunacaq ailələrin seçilməsi, onların öz təsərüfatlarını qurmalarının təşkili, bu sahədə onların maddi dəstəklə yanaşı, təsərrüfatçılıqla bağlı müəyyən bilik və bacarıqlara yiyələnmələrinin təmini və s. üçün bütün prosedurları dolğun şəkildə əhatə edir və tənzimləyir.

S.Müslümov özünüməşğulluq layihələrinə cəlb olunacaq vətəndaşlara biznesin təşkili ilə bağlı təlimlərin keçirilməsi və onlara biznes fəaliyyətinin inkişaf etdirilməsi ilə bağlı məsləhətlərin verilməsi üçün hər bir rayon və şəhər üzrə təlimçilərin hazırlanması məqsədilə Beynəlxalq Əmək Təşkilatı (BƏT) ilə əməkdaşlıq şəraitində görülən işlərdən də bəhs edib.

Artıq yaxın vaxtlarda bu istiqamətdə praktik işlərə başlanacağını, proqram çərçivəsində aztəminatlı ailələrdən olan 1400 ailənin kiçik ailə təsərrüfatlarının yaradılacağını bildirən S.Müslümov vurğulayıb ki, əsas vəzifə proqrama cəlb olunacaq ailələrin bu proqramda iştirak etmək üçün potensiallarının düzgün qiymətləndirilməsi, yaradılacaq ailə təsərrüfatlarının inkişafına nail olunmasıdır. Çünki məqsəd təkcə o ailələrin yoxsulluq vəziyyətindən çıxarılması deyil, onların gələcəkdə biznes fəaliyyətlərini getdikcə genişləndirmələridir”.
Müşavirədə aktiv məşğulluq tədbirlərinin icra vəziyyəti nəzərdən keçirilərək, aztəminatlı ailələrlə bağlı özünüməşğulluq proqramının praktik icrası sahəsində görüləcək işlər, məşğulluq orqanlarının bu sahədə üzərinə düşən vəzifələr diqqətə çatdırılıb, onlara aidiyyəti üzrə konkret tapşırıqlar verilib.


Müəllif:

Oxşar xəbərlər