26 İyul 2016 14:17
852
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Dünya dəhşətli terror aktları ilə silkələnir. Hər il minlərlə günahsız insan amansız terrorun qurbanı olur. Bu aktı həyata keçirənlərin böyük əksəriyyəti radikal dini cərəyanların nümayəndələridir. Son zamanlar tez-tez xüsusilə İŞİD terror şəbəkəsinə qoşulanlar arasında azərbaycanlıların, eləcə də qadınların olduğunu eşidirik. Onlar bilərəkdən və ya zorən qanlı terror təşkilatlarının köləsinə çevrilirlər.”

Teleqraf.com-un məlumatına görə, bu fikirləri “Sputnik Azərbaycan”ın Multimedia Mərkəzində təşkil olunan “Sekulyar dövlətçilik və dini radikalizm: cəmiyyət hara gedir” mövzusunda keçirilən debatda Qadın Liderliyi Uğrunda İctimai Birliyin sədri Ülkər Abdullayeva deyib.

O qeyd edib ki, Azərbaycanda vətəndaşlar, eləcə də qadınlar arasında sekulyar dövlətçiliyin üstünlükləri, radikal olmayan din modelləri barədə geniş maarifləndirmə işlərinin aparılmasına ehtiyac var. Bu məqsədlə “Qadın Liderliyi Uğrunda” İctimai Birliyi Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Sekulyar dövlətçilik, dini radikalizm və insanlığa qarşı çevrilməyən din modeli ilə bağlı qadınlar arasında maarifləndirmə işlərinin aparılması” layihəsini icra edir. “Sekulyar dövlətçilik və dini radikalizm: cəmiyyət hara gedir” mövzusunda keçirilən debat da bu layihənin tərkib hissəsidir.

Tədbirin moderatoru, “Cənubi Qafqaz” politoloqlar klubunun üzvü, politoloq İlqar Vəlizadə deyib ki, bu gün dünyəvi dövlət modelinin möhkəmləndirilməsi, dinin dövlətdən, siyasətdən ayrı tutulması son dərəcə vacibdir. Odur ki, Azərbaycanda bu mövzularda silsilə tədbirlərin keçirilməsinə, ictimai müzakirələrə böyük ehtiyac var. Bu debatı isə həmin müzakirələrin sadəcə başlanğıcı hesab edə bilərik.

Debatda teoloq Elşad Miri deyib ki, dövlətin dini olmaz, dövləti təmsil edən şəxsin dini ola, ya da olmaya bilər: “Azərbaycan sekulyar dövlətdir, lakin onun prezidenti öz ailəsi ilə birlikdə ümrə ziyarətinə gedir. Yəni dövlət başçısının dinə münasibəti, ibadət etməsi, onun dünyəvi dövlətin başçısı olmasına mane olmur. Sabah bu dövlətin başçısı bir ateist də ola bilər, amma bu o demək deyil ki, o, ölkədə dini qadağan etməlidir”.
E.Miri qeyd edib ki, İŞİD-in törətdiklərinin hər birinə İslamda bir mənbə tapmaq olar. Amma bu, əsl İslam demək deyil.

Milli Düşüncə İnstitutunun rəhbəri Taryel Faziloğlu deyib ki, dünyada və regionda dini radikalizm adı altında baş verən proseslərin hamısı siyasi proseslərdir. “Bu gün Azərbaycanda dini radikalizm mövzusu aktualdır. Azərbaycanda din heç vaxt Azərbaycan modeli səviyyəsində işlənməyib. Azərbaycana din həmişə İrandan, Səudiyyə Ərəbistanından, Türkiyədən idxal olunub və bunun acı nəticələrini görməkdəyik. İstənilən halda, dövlət dindən ayrı olsa da, dinə nəzarəti əldən verməməlidir”, – deyə T.Faziloğlu əlavə edib.
O qeyd edib ki, istənilən dövlətin özünün din siyasəti və din modeli olmalıdır: “İslam özlüyündə bir konstitusiyadır. Amma onun yerli şərtlərə uyğunlaşdırılmış bir modeli formalaşdırılmalıdır. Bu bizdə olmadığı üçün, biz hər zaman dini təhlükə qarşısındayıq”.

Demokratik İslahatlar Partiyasının qadın məsələləri üzrə koordinatoru Nərmin Şamilbəyli isə deyib ki, bizdə din deyəndə ancaq qadınların geyimi, qızların özünün necə aparması nəzərdə tutulur: “Amma əsl İslam nədir, Quran necə yaşamağı öyrədir, bu barədə insanlarda dəhşətli dərəcədə bilgisizlik var. İnsanlar din barədə elmi biliklər əldə etməyəndə dinə yuvarlanma cəhalətə gətirib çıxarır”.

“Status” Sosial Araşdırmalar Mərkəzinin sədri Nail Cəlil deyib ki, hər şeyin ifrat həddə olması pisdir və bu dinə də aiddir. “Biz dini düşüncə ilə dini davranışı qarışdırmamalıyıq. Din dünyəviliyə qarşı deyil, dünyəvilik də dinə qarşı deyil. Eyni zamanda dini elmə qarşı qoymaq da dini təhrif etməkdir. Dini davranış bütün dövrlərdə ictimai davranışla üst-üstə düşüb. Bunları bir-birindən ayırmaq mümkün deyil. Dini ehkam prinsipləri müzakirə oluna bilməz. Kamil insan dində də, ictimai münasibətlərdə də kamillik nümayiş etdirəcək. Kamil olmayan insanlarsa dindar, yaxud dindən kənar olub-olmamasına baxmayaraq, neqativ meyllər nümayiş etdirəcək”.

Səxavət


Müəllif:

Oxşar xəbərlər