26 İyul 2016 15:46
2 254
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Damla-damla topladıq”, “Həyatın rəngarəng anları üçün” - bu onların devizlərindən bir neçəsidir.

Son illər Qəbələ bir turizm şəhəri kimi tanınır. Üstəlik, hər birimizin süfrəsinin qonağı olan təbii “Jalə” şirələrinin də yolu bu şəhərdən keçir...

Ötən həftə Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri üçün “Gilan Holding”in nəzdindəki Qəbələ Konserv Zavoduna press-tur təşkil edildi. Press-turum məqsədi jurnalistləri zavodun fəaliyyəti ilə yaxından tanış eləmək idi.

Zavodla tanışlıq zamanı məlumat verildi ki, 40-a yaxın məhsul istehsal edən zavod İsveçrədə, İtaliyada istehsal olunmuş müasir avadanlıqlarla təchiz olunub.

Holdinqin İnformasiya texnologiyaları və makina mühəndisi Ramazan Seyidovun sözlərinə görə, zavodun tərkibində 2006-cı ildən meyvə suyu, 2013-cü ildən isə limonad və çips istehsalı fabrikləri işə başlayıb: “Şirkət tərəfindən 37 adda məhsul satışa çıxarılır. Hazırda məhsullar 30-dan çox xarici ölkəyə ixrac olunur. Beynəlxalq sertifikatlar; orqanik nar üçün beynəlxalq sertifikat TUV AUSTRİA İSO-22000:2005 FSSC, İSO-9001:2005 ,ECOCERT-orqanik ,kosher ,uyğunluq və gigyenik sertifikatları ilə məhsulumuzu dünya bazarına təqdim edirik”.

“Gilan Holdinq” 1992-ci ildən Azərbaycanda irimiqyaslı layihələrə sərmayə yatırır. Şirkət Azərbaycan iqtisadiyyatının dünya bazarında iştirakını təmin etməklə yanaşı məhsul çeşidliliyinin və keyfiyyətin optimallaşdırılmasına çalışır.

Hər kəsi maraqlandıran bir sual var ki, Azərbaycanda bu qədər vişnə, bu qədər portağal yoxdur. Bəs necə olur ki “Gilan” bu qədər təbii məhsul istehsal edə bilir?

Ramazan Seyidov bu suala cavab tapmaqda bizə yardımçı oldu: “Məhsulun qatılaşdırılmış forması olur. Problemsiz daşınma üçün məhsulları qatılaşdırıb daşımaq daha uyğun olur. Ona görə aseptik çəlləklər istifadə edilir. Bu çəlləklərdə istər portağal, istər feyxoa, istərsə də multivitamin qatılaşdırılmış formada gətirilir, yenidən suyla şəkər vurularaq paketləşdirilir və nəhayət, bazara çıxarılır. Azərbaycanda da bu proses eynilə həyata keçirilir. “Jalə” şirələrinin istehsal prosesində müxtəlif meyvələrdən istifadə olunur. İranda böyük albalı plantasiyaları var. Onlar albalını yığıb qatılaşdırılmış formaya salır və biz də onlardan alıb məhsul istehsal edirik. Banan Braziliyadan, portağal Afrikadan alınır. Hollandiyadan idxal olunan məhsullar da var. Biz bazarın tələbatına uyğun olaraq məhsullar alırıq. Yerli məhsullardan ən çox nar və alma alınır. Alma Qubadan, Qəbələnin özündən və Göyçaydan alınır”.

Qeyd edək ki, Göyçayda hektarlarla salınan nar bağları var ki, nar şirələri üçün məhsul buradan yığılır və istifadə olunur.

“Pepsi” satışa çıxarılacaq”

Daha sonra limonad istehsal olunan zavoda yollandıq.

Makina mühəndisinin sözlərinə görə, Qəbələnin Vəndam kəndində dağdan axan su var ki, bütün içkilər üçün o sudan istifadə edilir: “Məhsullar hazır olandan sonra laboratoriyada həmin məhsullardan bir-iki nümunə götürülür və yoxlamadan keçirildikdən sonra məhsul bazara buraxılır. Limonad və meyvə sularının istehsalı zamanı meyvə qəbul olunur. Onun keyfiyyət göstəriciləri yoxlanılır, yuyulur, seçilir və qabıqdan ayrılır. Sonra mikrobları arındırmaqdan ötrü pasterizasiya mərhələsinə ötürülür. Daha sonra isə soyudulur və filtrləmə mərhələsinə keçilir. Bunlar xammal olaraq saxlanıla yaxud da birbaşa sıxmaya da gedə bilər. Hazır məhsullar ilin bütün mövsümlərində, xammal olaraq aldığımız nar, alma, heyva isə yetişdikləri mövsümdə istehsal olunur. Onları mövsümündə alıb 200-250 qramlıq aseptik torbalarda qablaşdırırıq. Aseptik torbalara yığmamışdan əvvəl meyvələrin çəyirdəkləri, içindəki lifləri və qabığı ayrılır. Bu şəkildə saxlandıqda xarab olmur”.

Ramazan Seyidov deyir: “Bazara yeni məhsul çıxarmağı da planlaşdırırıq. Yeni layihə “Pepsi” istehsalıdır. “Pepsi” bu yaxınlarda bazara çıxarılacaq, hətta bütün testlərdən keçirilib. Yarım litrlik qablarda istehsal olunacaq. Gələcəkdə 1 litrlik “Pepsi”nin də istehsalı nəzərdə tutulub. Qiyməti bazara görə tənzimlənəcək. Sadəcə, üzərində “Made in “Gilan Holding” qeyd olunub.

Gələcəkdə “Aqua-mineral” sular da burda istehsal olunacaq. Marketlərdən də əldə edə biləcəksiniz. Limonad istehsalı fabrikində saatda 20 min ədəd şüşə qablaşdıra bilən İtaliyanın və Almaniyanın müştərək şirkətlərinin xətləri quraşdırılıb. Digəri isə Sidel firmasıdır ki, bu da İsveçrənin ən böyük şirkəti olan Sidel şirkətinin nəzdində limonad istehsalı üçün nəzərdə tutulmuş ixtisaslaşmış şirkətdir. Onun avadanlıqları ilə təchiz olunub. Meyvə suyu – “Jalə” şirələrinin istehsalında İtaliyanın... şirkəti, Türkiyənin... xüsusi ixtisaslaşmış şirkətləri ilə müştərək qurulmuş xətlərdir”.

5 çeşiddə istehsal olunan çips

Çips, kartof emalı zavoduna baxış keçirdiyimiz zaman öyrəndik ki, burada əsas iki xətdə istehsal gedir. Bunlara çips və dondurulmuş kartof istehsalı daxildir.

Ramazan Seyidovun sözlərinə görə, yerli çips brendi olan “Çipsim” papika, şüyüdlü, pendirli, klassik və soğanlı tomat olmaqla 6 çeşiddə istehsal edilir: “Digər dondurulmuş kartof istehsalı xəttində isə “Alma dilimi” adlı kartof friləri istehsal olunur. Çipsi məhsulumuz isə dünyada çipsi xətləri üzrə tam peşəkarlaşmış Almaniyanın EİMA çipsi avadanliqlari istehsali firmasının qurğuları ilə istehsal olunur. Məhsulun istehsal sistemi tam avtomatlaşdırılıb, operatorlar yalnız istehsal prosesinə nəzarət edirlər”.

“Çipsim”in hazırlanması prosesi barədə bizə zavodun kartof emalı müəssisəsinin sahə rəhbəri Əliismayıl Cəfərov məlumat verdi. İlk olaraq sahə rəhbəri istehsal prosesini izah etdi.

Onun sözlərinə görə, istehsal üçün gətirilmiş kartoflar sırasından əvvəlcə çürükləri, üzərində qarası olanlar seçilir: “Yararlı olanlar yaxşıca yuyulur, daha sonra soyulma və doğrama mərhələsinə keçirilir. Kartoflar lazımı ölçüdə, yəni yarpaq şəkilində doğrandıqdan sonra bitki yağına qoyulur. . Çipsi istehsalı xətti üzrə saatda 1 ton, ümumilikdə gün ərzində 8 ton hazır məhsul istehsal olunur. Sifarişdən asılı olaraq çipsi istehsalında günəbaxan yağından istifadə edilir”.

Kartof anbardan istehsala nəql olunmağa başlaması ilə paketə yığılması arasında təxminən 45-50 dəqiqə vaxt keçir.

Əliismayıl Cəfərov deyir ki, çips istehsalında ən çox vaxtı kartofların yuyulması prosesi aparır: “Kartofun üzərindəki torpaq, yad cisimlər təmizləndikdən sonra 30 saniyə ilə 1 dəqiqə arasında davam edən soyma prosesi başlayır. Bu prosesdən sonra təxminən 30-35 saniyə müddətində kartoflar yarpaq şəkilində doğranıb nişastadan təmizlənmə mərhələsinə keçilir. Daha sonra kartoflar yağda 3 dəqiqə ərzində 175-180 dərəcə temperaturda qızardılır. Qızardıldıqdan sonra isə seçmə mərhələsidir. Hansı ki, bu mərhələdə hazır olan çipslər sırasından qüsurluları təmizlənir və sağlam olanlar aroma vurulan bölümə ötürülür. Aroma vurulan bölümdə də təxminən 7-8 dəqiqə müddətində çipslərə duz vurulur, sonra paketlənmə həyata keçirilir. Paketlənmə mərhələsində də məhsulun uzunmüddətli qalması üçün azot generatorları ilə paketin içindəki oksigen boşaldılır və içinə azot doldurulur. Burada məqsəd paketə yığılmış çipslərin qoyulduğu formada da qalmasını təmin etməkdir”.

Sahə rəhbəri deyir ki, ekoloji təmiz məhsul istehsal etmək üçün Qəbələ rayonunda kartof sahələrinin əkilib-becərilməsi ilə məşğul olunur: “Zavodumuz ölkəni məhsulla tam təmin edə bilər. Kartof emalı üçün lazım olan çeşidlər bəlli çeşidlərdir. İstifadə etdiyimiz kartof çeşidi almanların yetişdirdiyi Allegriya adlı kartof növüdür”.

Zavodda çipslərin 20, 75, 150 qramlıq paketləri satışa çıxarılır. Paketlərin yararlılıq müddəti isə 6 aydır. Çipslər hələlik ölkədaxili tələbatı qarşılayır. Yaxın zamanda dondurulmuş kartof istehsalını ( kartof fri) artırmaq nəzərdə tutulub.

Holdinqdə “Açıq qapı”

“Gilan Holdinq”in keyfiyyətə nəzarət şöbəsinin müdiri Kamil İsmayılov deyir ki, laboratoriya analizləri məhsulun istehsalına başlanmasından sona qədərki prosesi əhatə edir: “Söhbət çipsdən gedirsə, ilk olaraq zavoda gələn kartofun keyfiyyətinə baxırıq. Şəkər, quru maddə analizləri aparılır və analiz nəticələri qənaətbəxş olarsa, istehsala verilir. Ondan sonra dilimləmə qalınlığı, qızartma itkiləri analizləri olur.

Məhsulun dayanıqlığını artırmaq üçün oksigen 2 faizdən aşağı olur. Bub oksigen analizində müəyyən olunur. Bundan başqa, yağ analizi həyata keçirilir. Free Fat Acid analizinə baxılır, çipsdə də bu göstərici normalda 0.4%-dən aşağı tutulur. Məhsullarda saxlama müddəti onların çeşidlərinə görə dəyişir. Məsələn, çipslər üçün bu müddət 6 aydır, frilərdə il yarımdır. Çipslər tez istehlak olunmalıdır. Frilər donmuş halda olduğu üçün onları uzun müddət saxlamaq olur”.

Ramazan Seyidov qeyd edib ki, “Gilan Holdinq” qida sənayesində yeganə şirkətdir ki təşkilatlar, universitetlər üçün “Açıq qapı” günü elan edib: “2010-2011-ci ildən bu işə başlamışıq və istənilən təşkilat ya da universitet nümayəndələri, tələbələr bizə gələrək istehsal mexanizmi ilə tanış ola bilərlər. İndiyə kimi, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Qafqaz universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, liseylər, məktəblər bu kampaniyada iştirak ediblər”.

“Zavodun məhsulları – ABŞ, Yunanıstan, Almaniya, Rusiya, Ukrayna, Çin,Yaponiya,Avstraliya,Yeni Zellandiya,B.Ə.Ə,İran,Türkmənistan Estoniya, Latviya,İtaliya və Fransa da daxil olmaqla, müxtəlif ölkələrə ixrac olunur”.

Makina mühəndisinin sözlərinə görə, fabriklər yeni istifadəyə veriləndə əcnəbi mütəxəssislər var idi: “Daha sonra texniki heyət və digər işçilər yerli mütəxəssislərlə əvəz olunmuşdur. Əsasən Qəbələ sakinlərinə üstünlük verilib. Bu bir növ həm biznes, həm də, sosial layihə əhəmiyyətini daşıyır. 3 fabrikin 850 əməkdaşı var. Təbii ki, bu da, 850 ailənin gəlir mənbəyi deməkdir. “Gilan Holdinq” regionun ən güclü qida sənayesi şəhərciklərindən biridir. Mütəxəssislər tərəfindən Holdinq işçilərinə mütəmati olaraq treninqlər keçirilir. Mütəxəssislərimiz daha çox Türkiyədə təcrübə keçirlər.

Zavodda təhlükəsizlik işinin təşkili yüksək səviyyədə təşkil olunub. 200-ə yaxın müşahidə kamerası var.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər