Qaçqınların və məcburi köçkünlərin kommunal xidmətlərində artıq xərclərə yol verilib.
Qaçqınlara və məcburi köçkünlərə göstərilən kommunal xidmətlərə görə artıq xərclərə yol verilib.
Teleqraf.com xəbər verir ki, Hesablama Palatasının Kollegiyası müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq dövlət büdcəsindən 2014-2015-ci illərdə və 2016-cı ilin birinci rübündə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə və tabeliyində olan qurumlara ayrılmış vəsaitlərin proqnozlaşdırılması və istifadəsi vəziyyəti ilə bağlı həyata keçirilmiş auditin nəticələri üzrə Auditorun Hesabatını müzakirə edərək qəbul edilib.
Audit tədbiri ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi (DK) və tabeliyində olan 4 qurum üzrə ümumilikdə 560,2 mln. manat məbləğində vəsait əhatə olunub, icra edilmiş vəsaitin 38,8%-ni xidmət göstərilmiş kontingentin kommunal və kommunikasiya xidmətləri və 47,7%-ni onlara verilən müavinətlərin ödənilməsi ilə bağlı xərclər təşkil edilib.
DK-nın 2008-2011-ci illərdə fəaliyyətini əhatə etmiş əvvəlki audit nəticəsində aşkar edilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılması istiqamətində görülmüş tədbirlərin yetərli olmadığı, hazırkı auditin əhatə etdiyi dövrdə də oxşar nöqsanlara yol verildiyi müəyyən edilib.
İstifadə olunan kommunal xidmətlərin haqqının ödənilməsi ilə bağlı aparılmış təhlillərlə qanunvericiliyə əsasən müvafiq qaydada müəyyən edilmiş və haqqı dövlət büdcəsindən ödənilən adambaşına aylıq elektrik enerjisi istehlakı normasından artıq istifadə edilmiş elektrik enerjisi xidmətinə görə əlavə vəsait ödənildiyi, sayğac quraşdırılmış yaşayış yerlərində ödənişin faktiki sərfiyyat əsasında deyil, norma əsasında hesablandığı müəyyən olunub.
Beynəlxalq və yerli humanitar təşkilatlardan daxil olan yardımların qəbulu və yerlərə çatdırılması, məcburi köçkünlərin yeni salınmış qəsəbələrə köçürülməsi, bəzi qəsəbələrdə içməli suya olan tələbatın təmin olunması məqsədi ilə ayrılmış nəqliyyat xidməti haqları üzrə vəsaitin təyinatı dəyişdirilmiş, bir sıra hallarda səmərəsiz xərclərə yol verilmişdir.
Auditor nəzarət tədbiri üzrə nəticələri ümumiləşdirərək, kommunal xidmətlərin bütün növləri üzrə əhatə olunan məcburi köçkünlərin adlı siyahılarının yerlərdə dəqiqləşdirilməsini, ödəmələrin ünvanlılığının artırılması məqsədi ilə Elektron Hökümət Portalı çərçivəsində məcburi köçkünlərin adlı siyahılarından ibarət vahid informasiya sisteminin yaradılması üçün təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini məqsədəmüvafiq hesab edir.
Auditin nəticələri ilə bağlı Milli Məclisinə məlumat verilib.
İlhamə ƏBÜLFƏT