"Rəqəmsal İnkişaf" İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Tanıt, Paylaş və Yaşat" layihəsinin icrasını davam etdirir.
Birliyin sədri Könül Ağayeva saytımıza açıqlamasında bildirib ki, çoxmillətli Azərbaycan artıq dünyanın nəzərində nümunəvi dövlətdir: "Əlbəttə, Azərbaycan dünyanın multikulturalizm, tolerantlıq, dözümlülük, humanitar əməkdaşlıq mərkəzinə çevrilib və bundan xalqımız da, dövlətimiz də qürur duyur. Tarixi İpək Yolunda yerləşən Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkandır. Əsrlər boyu milli-mədəni mühitin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi ölkəmiz tanınıb.
Bu səbəbdən “Tanıt, Paylaş və Yaşat” kampaniyasına start verdik. Məqsədimiz Azərbaycanın multikulturalizm sahəsində inkişafını daha da gücləndirmək üçün gənclərə ölkədəki multikulturalizm mövzusu, çoxəsrlik ənənələrə malik tolerantlıq mühiti, müxtəlif etnik qruplar, dinlər və etiqadlar arasında qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq münasibətləri haqqında məlumat verməkdir. Bir sözlə, müasir Azərbaycan modeli - dinlərin bərabər inkişaf imkanlarını və etnik qrupların birgə yaşamasını təmin etməsi, həm də digər inanc və mədəniyyətlərə mənsub olan müxtəlif qruplara hörmət haqqında gəncləri maarifləndirməkdə davam edirik".
K.Ağayeva qeyd edib ki, layihə dövründə bir qrup gənclərə təlim təşkil olunacaq, təlim sonunda gənclər arasında "Azərbaycanda multikulturalizm" mövzusunda “Tanıt, Paylaş və Yaşat” adlı məqalə müsabiqəsi keçiriləcək. 10 ən yaxşı məqalə seçilərək müəlliflər mükafatlandırılacaq. Həmin məqalələr ingilis dilinə tərcümə olunaraq beynəlxalq media qurumlarına göndəriləcək. Həmçinin layihə dövründə “Tanıt, paylaş və yaşat!” mövzusunda sosial rolik çəkiləcək, "28 MALL" Ticarət Mərkəzində gənc rəssamların iştirakı ilə multikulturalizm mövzusunda “Tanıt, paylaş və yaşat!” rəsm sərgisi təşkil olunacaq. Facebook sosial şəbkəsində geniş miqyasda kampaniya aparılacaq".