Yeni dərs ilinə 1 aya yaxın vaxt qalır. Bir azdan valideynlərin məktəb qayğıları başlayacaq. Vahid məktəbli forması da onda yada düşəcək.
Məktəblilər üçün vahid geyimi “Bakı Tikiş Evi” ASC tikir. Fabrikin istehsalı olan məktəbli geyimlərinin hazırlanması, satışı ilə tanış olmaq üçün Tikiş Eviinə yollandıq.
Çindən kiloqramla gətirilən parçalar, gizli sexlər...
Biz Tikiş Evinə daxil olanda 2-3 valideyn uşaqlarına məktəbli forması alırdı.
Bu il iki uşağını məktəbə yola salan ana bizimlə söhbətində bildirdi ki, oğlu 4-cü, qızı 1-ci sinifdə oxuyacaq: “Keçən il dərslərin başlanmasına 3 gün qalmış gəlmişdik deyə adam çox idi. Bu il forma almağa bir az qabağa saldıq. Ötən il məktəbli geyimi alanda düşünürdüm ki, oğlum iki il həmin formanı geyər, amma olmadı. Geyimlərin qiyməti də qalxıb”.
Valideynlərlə söhbətdən sonra “Bakı Tikiş Evi” ASC-nin satış şöbəsinin rəisi Etibar Əzimova yaxınlaşdıq.
Şöbə müdiri deyir ki, Tikiş Evinin satış mağazaları ilboyu fəaliyyət göstərir: “Bakı, Sumqayıt və Xırdalan ərazisində 14 satış filialımız var. Məktəbli geyimlərinə kimin ehtiyacı varsa, yaşadığı əraziyə yaxın həmin mağazalardan ala bilər. Qiymətlər paltarların üstünə yapışdırılıb. Bəzən valideynlər düşünür ki, fabrikin özünə gəlib geyim alsalar, fərqli nəsə olacaq, amma elə deyil. Bütün mağazalara Tikiş Evində istehsal olunan mallar aparılır. Bununla yanaşı, hər il sexlər də Tikiş Evinin adından saxta məktəbli forması istehsal edib, satışa buraxırlar. Bu bizim üçün böyük problem yaradır.
Sədərək və ya Binə ticarət mərkəzlərində saxta məktəbli formalarına rast gəlinir. Çindən kiloqramla heç bir gigiyenik sertifikatı olmayan keyfiyyətsiz parçaları alıb burada gizli sexlərdə məktəbli geyimləri tikirlər. Bu formalar bazara çıxarılanda bizim üçün itki yaranır. Onlar bizim Tikiş Evinin adından istifadə edirlər. Çünki Tikiş Evinin geyimləri keyfiyyətlidir. Bizim bircə çıxış yolumuz var – Tikiş Evinin adından istifadə edən sex sahibləri haqda Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə və Daxili İşlər Nazirliyinə məlumat veririk”.
“Geyimləri minimum 40 faiz qaldıracaqdıq, amma...”
Şöbə müdirinin sözlərinə görə, keçən ilə nisbətən vahid məktəbli geyimlərin satışında 7 faiz bahalaşma var: “Bizdən olsaydı, qiyməti minimum 40 faiz qaldırardıq, amma nəzərə aldıq ki, qiymət qalxanda insanların alıcılıq qabiliyyəti aşağı düşəcək. Məsələn, keçən il 1-6-cı siniflərdə oxuyan şagirdlər üçün məktəbli formasının qiyməti 34 manat idi, indi 37 manat, yuxarı siniflər üçün 43 manat idi, indi 46 manat olub. Buna səbəb 1 paltarın tikilməsi üçün lazım olan-parça, astar, düymə, iynə, sap... bir sözlə, bütün materialın dollarla alınıb, gətirilməsidir. Ona görə də qiymət artımı normaldır”.
Məlumat üçün bildirək ki, Bakı Tikiş Evi Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən verilən sertifikat əsasında Bakı şəhər məktəbləri üzrə vahid məktəbli geyimi istehsal edir.
Hazırda satışın zəif getdiyini deyən Etibar Əzimov bunu şagirdlərin, valideynlərin istirahətdə olması ilə əlaqələndirir: “Valideynlər hamısı tətildədir. Dərslərin açılmasına 1 həftə qalmış yadlarına düşəcək ki, uşaq dərsə gedəcək, tez Bakı Tikiş Evinə gedib, uşağa məktəbli forması alaq”.
Etibar Əzimov deyir ki, nə qədər ehtiyac var, o qədər məktəbli geyimi tikilir: “Bizə artıq paltar tikib anbarlarda saxlamaq sərf eləmir. Valideynlərdə də şikayət edə bilməz ki, hansısa ölçüdə məktəbli forması tapa bilmədik. Biz valideynlərə uşaqları üçün keyfiyyətli məktəbli forması almağı məsləhət görürük”.
“Bundan artığına gücümüz çatmır”
Həmsöhbətim qeyd etdi ki, bu il şəhid və imkansız ailələrə havayı məktəbli formaları verməyə imkan yoxdur: “Bura özəl müəssisədir, özü-özünü maliyyələşdirir. Banka kredit ödəyirik. Biz yalnız məhdud ölçüdə kömək edə bilirik. Bakı Tikiş Evi Nəsimi rayonunda yerləşdiyi üçün Nəsimi Rayon İcra Hakimiyyətinin müraciətinə əsasən 100, Qusar rayonunda kimsəsiz ailələrin uşaqlarına 30 dəst paltar göndərmişik. Müxtəlif təşkilatlar, deputatlar, iş adamları bizə müraciət etdikdə onlara məktəbli geyimini satırıq. Bizim müəssisənin böyük imkanı yoxdur ki, şəhid ailələrinə və imkansız ailələrin hamısına pulsuz paltar verək. Qiymətləri də qaldıra bilmədik deyə, bundan artığına gücümüz çatmır”.
Bakı Tikiş Evində 800 qadın çalışır
Vahid məktəbli geyiminin istehsalından müəssisə gəlir götürmür: “Bu ili belə yola verək, gələcək illərdə necə olacağını deyə bilmərik. Heç kim məktəbli geyimlərini xaricdən gətirib 37 manatdan sata bilməz. Çünki idxal olunan mallara 41 faiz vergi tətbiq olunur. Onu gətirib satsalar belə, baha başa gələcək”.
Daha sonra məktəbli geyimlərinin tikildiyi sexə də baş çəkdik.
İstehsalat sexində artıq 3 aydır məktəbli forması tikməyə başlanılıb. Sexdən bildirdilər ki, işçilər gücləndirilmiş iş rejimində işləyirlər.
Bakı Tikiş Evində 9 ildir dərzilik edən Bahar Rəsulova deyir ki, avqust ayında fasiləsiz olaraq məktəbli forması tikməklə məşğuldurlar: “Həm məktəbli forması tikirəm, həm də ütüləyirəm. Fasiləsiz çalışırıq, çörəkpulu qazanmaq üçün işləməyə məcburuq”.
Qeyd edək ki, Bakı Tikiş Evində 800 qadın çalışır.
İlhamə ƏBÜLFƏT