Respublikanın ümumi təhsil müəssisələrinə mərkəzləşdilirmiş qaydada keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqənin ikinci mərhələsi–test imtahanı başa çatıb.
Təhsil Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, 22 iyul–3 avqust tarixlərində keçirilən test imtahanı mərhələsində elektron ərizəsi təsdiq edilən 31 779 nəfərin 27 814 nəfəri iştirak edib.
Artıq müsabiqənin üçüncü mərhələsinə–vakansiya seçimlərinə start verilib. Namizədlər 7 avqust saat 24:00-a kimi davam edəcək bu mərhələdə şəxsi səhifələrinə daxil olaraq, topladıqları bala uyğun vakant yerləri seçəcəklər.
Hazırda respublikanın ümumi təhsil müəssisələrində mövcud olan 3 381 vakansiya müsabiqəyə çıxarılıb. Namizədlərin nəzərinə çatdırırıq ki, vakant yerləri seçdikdən sonra elektron ərizəni təsdiq etmək zəruridir.
Növbəti mərhələyə keçmək hüququ əldə etmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.
Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə müsabiqədə ibtidai sinif müəllimliyi, Azərbaycan dili və ədəbiyyatı müəllimliyi, ingilis dili müəllimliyi ixtisasları üzrə namizədlərin sayı üstünlük təşkil edir.
İlhamə ƏBÜLFƏT