Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məleykə Abbaszadə avqustun 5-də Yevlax şəhərində vətəndaşları qəbul edib.
Teleqraf.com xəbər verir ki, qəbulda Mingəçevir, Goranboy, Naftalan, Yevlax, Ağdaş rayon sakinləri və bu rayonlarda məskunlaşmış qaçqın və məcburi köçkünlər iştirak ediblər.
Görüşdə əsasən ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə, ali təhsil müəssisələrinə və rezidentura pilləsinə ixtisas seçimi, həmçinin TQDK-nın səlahiyyətlərinə aid olmayan məsələlərlə əlaqədar DİM Direktorlar Şurasının sədrinə müraciət edilib. Komissiyanın səlahiyyətlərinə aid olan bəzi məsələlər yerindəcə həll edilib. Digər müraciətlərin araşdırılması və baxılması üçün qeydiyyatı aparılıb. Komissiyanın səlahiyyətlərinə aid olmayan müraciətlərin aidiyyəti qurumlara çatdırılacağı vətəndaşlara bildirilib.
Qeydiyyatdan keçənlərlə yanaşı görüş zamanı birbaşa müraciət edən vətəndaşlar da M. Abbaszadə tərəfindən dinlənilib və onların müraciətlərinin həlli üçün müvafiq tədbirlər görülüb.
Görüşdə 40-dək vətəndaş iştirak edib.
İlhamə ƏBÜLFƏT