Körfəz ölkələrindən hər gün Azərbaycana təxminən 600-dən çox ərəb turist gəlir.
Teleqraf.com-un məlumatına görə, bu barədə "Azərtac"a “Falcon Travel” şirkətinin direktoru Pərviz Musayev eksklüziv müsahibəsində deyib.
Pərviz Musayev bildirib ki, “Azərbaycan Hava Yolları”, “FlyDubai” və “Qatar Airways”lə Bakıya olan gündəlik reysləri hesablasaq, ölkəmiz hər gün 600-1000 arası ərəb turist qəbul edir. Gələn turistlərin ölkəmizdəki gündəlik xərcləri isə minimum 150-200 dollardan başlayır.
Pərviz Musayevin sözlərinə görə ölkəmizdə olan ərəb turistləri vətənlərinə qayıtdıqdan sonra onlarla əlaqə qurulur və təəssüratları öyrənilir: “Ərəb ölkələrindən gələn turistlərin 99 faizi Azərbaycanda olmaqdan məmnunluqlarını bildirir və növbəti illərdə də məhz ölkəmizi seçəcəklərini söyləyirlər. Azərbaycandakı münasib qiymətlər və otellərdəki xidmət səviyyəsi, o cümlədən də ölkəmizin təbiəti ərəb turistləri cəlb edir.
Lakin narazı olduqları xırda sahələrdə var ki, bunlar da ünsiyyət problemi ilə bağlıdır. Taksi sürücüləri, mağazalarda satıcıların xarici dilləri, əsasən də ingilis dilini zəif bilmələri turistlərin istəklərini çatdırmalarında problem yaradır. Ölkədə beşulduzlu otellərin sayının artırılması da vacib məsələlərdən biridir. Çünki indiki vəziyyət onu göstərir ki, gələn il Azərbaycana səfər edən ərəb turistlərin sayı bu ilkindən daha çox olacaq”.