Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) keçirilən Fransız-Azərbaycan Universitetinə (UFAZ) imtahanın nəticələri açıqlanıb.
Universitetdən Teleqraf.com-a verilən məlumata görə, imtahan verən 280 abituriyentdən 120 nəfəri dövlət sifarişli, 23 nəfəri isə ödənişli əsaslarla olmaqla UFAZ-ın tələbəsi olmaq imkanı əldə edib.
UFAZ-ın tələbəsi adını qazanmış gənclərin adları Təhsil Nazirliyinə təqdim olunub. Nazirlik isə öz növbəsində UFAZ-a qəbul olunmuş gənclərin adlarını Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına (TQDK) təqdim edib və onlar digər ali məktəblərə müsabiqədə artıq iştirak etməyəcəklər. UFAZ-a imtahan vermiş, lakin uğur əldə edə bilməmiş tələbələr TQDK-ın təşkil etdiyi mərkəzləşdirilmiş qəbul imtahanında topladıqları ballar əsasında ADNSU-nun, eləcə də digər ali məktəblərin təqdim etiyi müvafiq ixtisaslar arasında öz seçimlərini edə bilərlər.
Xatırladaq ki, 2016/2017-ci tədris ilində, UFAZ Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində 4 ixtisas üzrə (Kimya mühəndisliyi, Kompüter elmləri, Geofizika mühəndisliyi və Neft-qaz mühəndisliyi) tədrisə start verəcək. Seçilən bu 4 ixtisas hazırda Azərbaycanda ən çox tələbat olan sahələrdəndir. Təhsil bütün ixtisaslar üzrə 1 il hazırlıq, 3 il əsas tədris müddəti olmaqla 4 il davam edəcək. Tədris ingilis dilində aparılacaq. UFAZ məzunları iki diplom (Strasburq Universiteti və ADNSU) əldə edəcəklər.
İlhamə ƏBÜLFƏT