Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) avqustun 8-də saat 16:30-dan etibarən 2016/2017-ci tədris ili üçün rezidenturaya qəbulun nəticələrini elan edib.
TQDK-dan Teleqraf.com-a verilən məlumata görə, iki mərhələ üzrə keçirilən qəbul imtahanlarının nəticələrinə əsasən, müsabiqədə iştirak edən 374 namizəddən 365 nəfəri təhsilini rezidenturada davam etdirmək hüququ qazanıb. Onlardan 95 nəfərini oğlanlar, 270 nəfərini qızlar təşkil edir. 244 namizəd cari ilin, 121 namizəd isə əvvəlki illərin məzunudur.
Nəticələri TQDK-nın internet saytından və ya iş nömrəsini mobil telefonla 7727 nömrəsinə göndərməklə öyrənmək olar.
Qeyd edək ki, Rezidenturaya qəbul olanlar tələb olunan sənədləri avqustun 9-dan 15-dək olan müddətdə müvafiq quruma:
Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsinə qəbul olmuş şəxslər Müdafiə Nazirliyinə;
Naxçıvan Dövlət Universitetinə qəbul olmuş şəxslər Naxçıvan Dövlət Universitetinə;
Azərbaycan Tibb Universitetinin mülki ixtisaslarına və digər tibb müəssisələrinə qəbul olmuş şəxslər Səhiyyə Nazirliyinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.
Namizədin bu müddətdə qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtinası kimi qiymətləndiriləcək və o, qəbul olanlar siyahısından çıxarılacaq.
İlhamə ƏBÜLFƏT