Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri, “Eurasia Media Network”un təsisçisi Umud Mirzəyev Türkiyənin Ordu vilayətinin valisi İrfan Balkanlıoğludan müsahibə alıb.
Müsahibəsində İrfan Balkanlıoğlu iyulun 15-də Türkiyədə baş verən dövlət çevrilişi cəhdi və cəhdin ölkənin siyasi vəziyyətinə təsiri, həmçinin Ordu vilayətinin istisadi potensialı və turizm imkanları haqqında məlumat verib.
Teleqraf.com “Eurasia Diary” analitik informasiya portalına istinadən müsahibəni təqdim edir:
–15 iyul yaddaşlarda Türkiyədə çevrilişə cəhdin reallaşdırıldığı qorxunc gün kimi yazıldı. Siz o günü necə xatırlayırsınız? Bu hadisə ümumiyyətlə baş verməyə bilərdimi? Türkiyəni qarışdırmaq istəyənlərin məqsədi nə idi?
–15 iyul Türkiyə tarixində qara bir ləkədir. Çünki demokratik bir ölkədə hökümət seçki prosesi ilə seçilir. Vaxtı bitdiyində isə seçki qutusu yenə millətin qarşısına qoyular və seçki ilə gələn elə seçki ilə gedər. Amma uzun illər Türkiyə tarixində dırnaqarası bir adət mövcuddur. Əsgərlər türk deyimləri ilə desək, qazan qaldırırlar. Yəni, bu və ya digər səbəblərlə hakimiyyəti ələ almaq istəyirlər. Tarix göstərir ki, belə anda bütün ordu bu tip hərəkətə dəstək olur. Biz ona “darbe” deyirik.
Ayın 15-də çevrilişə cəhd həm Türkiyə xalqına, həm də türk ordusuna qarşı yönəlmişdi. Türkiyə ordusu rəhbərliyinin böyük bir hissəsinin bu cəhddən xəbəri olmayıb və onlar belə bir çevrilişə qarşı olublar. Sadəcə, ordunun daxilindəki bir quldur dəstəsi həm orduya rəhbərliyi və Türkiyə Cümhuriyyətini ələ keçirməyə cəhd etdi. Amma həm ölkə prezidentinin, həm də Türkiyə xalqının sağlam düşüncəsi, ağlı və Allahın köməyi ilə həmin quldurlar istəklərinə çata bilmədilər. Xalq onları dəstəkləmədi.
Prezident xalqa çağırış etdi və insanlar küçələrə çıxdı. Tankların, topların qarşısında dayandılar. Bəli, 10 minlərlə insan bunu etdi. Quldurlar geri çəkilmək məcburiyyətində qaldılar. Təşəbbüs uğursuzluqla nəticələndi.
Hazırda ədalət qarşısında cavab verəcəklər. Lakin bu hadisələrdə acı görüntülərin də şahidi olduq. Şəhidlər verdik. Təsəvvür edin, xarici düşmənlərə qarşı istifadə üçün xalqın pulu ilə alınan silahlar həmin gün xalqa doğru çevrildi. Sadə insanlara atəş açdılar, parlamentə bomba atdılar, polisə hücum etdilər. 52 polisimizi şəhid verdik. Ümumilikdə 250-yə yaxın şəhidimiz, 1500-2000 yaralımız var.
Ağır nəticə oldu bizim üçün. Xalqın dəstəyi, hökümətin cəsarəti ilə bu hadisə sadəcə bir acı hal kimi yaddaşlarda qaldı. Lakin təhlükə və təhdidlər bitmədiyindən xalq və hökümət oyaqdı.
–Əgər bu çevrilişə cəhd edənlər öz istəklərinə nail olsaydılar nə baş verərdi? Regionda baş verənləri necə xarakterizə edə bilərsiniz?
–Ətrafımızda qayda-qanun olmayan ölkələr var. Onlardan biri Suriyadır. Hələ də orada vətəndaş müharibəsi gedir. İraq, Əfqanıstan, Liviyada da vəziyyət fərqli deyil. Təsəvvür edin, Türkiyə məhz həmin dövlətlərin vəziyyətinə düşə bilərdi. Silahlı toqquşmalar, polislə ordunun üz-üzə gəlməsi, küçə döyüşləri, bir sözlə, vətəndaş müharibəsinədək gətirib çıxaracaqdı. Bundan istifadə edən PKK isə Türkiyədə terror aktlarının sayını artıracaq və ölkəni bölməyə çalışacaqdı.
Türkiyə Səlcuqlular və Osmanlı imperiyasından bu yana zülmə məruz qalmış xalqlara yardım edib. Bura müsəlmanlarla yanaşı xristianlar, İspaniyadan qaçan yəhudilər də daxildir. İstanbulda Polenez köyü deyilən yer var. Orada Polşadakı inqilabdan qaçan insanlar məskunlaşıb. Biz hətta Belorusiyadan olan qaçqınlara qucaq açmışıq. Onlardan əvvəl çərkəzlər, tatarlar, çeçenlər bizim ölkəyə gəlib sığınıblar. İndi isə 3 milyona yaxın suriyalı bizə sığınıb. Biz onlara nəvaziş göstəririk. Halbuki Suriyalı qaçqınlara Avropada bəslənilən münasibəti gördünüz. Qaçqınları az qala sərhəddə vuracaqdılar.
Təsəvvür edin, əgər Türkiyə qarışsaydı nə baş verəcəkdi?! Əlində silahı olan bir terrorçu gəlib seçilmiş birisinə deyir ki, çıx get burdan. Bu quldurlar dövlətin bütün sisteminə daxil olublar. Məhz bundan aldıqları güc sahəsində hökümətə hədə qorxu gəlirlər, silahlı hücum edirlər. Müasir dövrdə belə hallar əsla yaşanmamalıdır. Türkiyə xilas oldusa, deməli, bölgə xilas oldu.
–Türkiyənin dostları da Türkiyə kimi ağıq sınaqdan keçdilər. Baş verənlər Türkiyənin öz strateji tərəfdaşları ilə münasibətlərinə necə təsir edəcək?
–İnsanlar dar gündə tanınarlar. Biz çətin günlərdə dəstək olacağımız haqqında həmişə söz veririk. Bu çətin günlərdə bəzi dost dövlətlər bu terrorçu qruplarla mübarizə aparmaq istiqamətində bizə dəstək oldular. Lakin bəzi strateji dost adlandırdığımız dövlətlərdən bu dəstəyi görmədik. Elə vacib olanı da məhz çətin anda o dəstəyi görməyimiz idi.
Vəziyyət sabitləşəndən sonra dostluq mesajı vermək isə dostluğun nə qədər zəif olduğunu göstərir. Avropa bizim üçün vacib olan bu sınaqdan çıxmadı. Amma bir çox dövlətlər var ki, bizə dəstək oldular.
–Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya prezidenti ilə görüşü baş tutdu. Bu görüş hansı zərurətdən yarandı? Türkiyə-Rusiya yaxınlaşmasının region üçün hansı nəticələri ola bilər? Bu barədə nə deyə bilərsiniz?
– Məşhur çinli filosof deyib ki, bir düşmənin olması çoxdur, min dostun olması isə az. Yaxın qonşu ölkələr arasında qeyri-dost münasibətdə olan ölkələrin çoxluğu heç vaxt Türkiyənin marağında olmayıb.
Rusiya bizim uzun illərdir dostumuzdur. Hər bir sahədə tərəfdaşımız, ticarət partnyorumuzdur, Türkiyənin strateji layihələrini dəstəkləyir. Türkiyənin ali rəhbərliyi ilə Rusiya rəhbərliyi arasında yaxşı dostluq əlaqələri var idi. Amma iki qardaş arasında da bəzən ixtilaflar, anlaşılmazlıqlar olur. Suriya böhranı ortaya çıxanda fikirlərimiz haçalandı. Çünki Suriya bizim qonşumuzdur və oradakı qeyri-sabitlik bizə birbaşa təsir edir. Misal üçün, 3 milyon mühaciri Türkiyə himayə etmək məcburiyyətində qalır. Orada bizim soydaşlarımız da var. Məhz buna görə biz məsələyə müdaxilə etmək məcburiyyətində qaldıq.
Bununla belə, Türkiyə Rusiya ilə diplomatik əlaqələri sonuna qədər saxladı. Xoş olmayan bir hadisə baş verdi. Bir rus təyyarəsi vuruldu. Həmin təyyarənin pilotu da qətlə yetirildi. Bununla belə hökümət indi o məsələni son hadisələrdən sonra ciddi araşdırır.