11 Avqust 2016 18:57
1 050
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkə Prezidentinin “Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında” 2016-cı il 11 aprel tarixli fərmanında dəyişiklik edilib.

Dəyişikliyə əsasən, Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Nizamnaməsində əksini tapan Dövlət İmtahan Mərkəzinin qəbul imtahanlarının yekunlarına dair elmi-statistik təhlil aparmaq və nəticələrini Azərbaycan Respublikasının Prezidentinə və Təhsil Nazirliyinə təqdim etmək hüququ ləğv edilib.

DİM-in hüquqlarından birinin ləğv edilməsini Azərbaycan Milli Elmlər Akademiyasının Tarix üzrə fəlsəfə doktoru Kamran Əsədov şərh edib.

Kamran Əsədov deyir ki, bu hüququn ləğv edilməsi müsbət haldır: “Hüququn ləğv edilməsi o demək deyil ki, Tələbə Qəbulu Üzrə dövlət Komissiyası bundan sonra nəticələri açıqlamayacaq. O yenə də bal toplayan abituriyentlərin sayı və digər statistik göstəricilər barədə məlumat verəcək. Müsbət qiymət almayan şagirdlər barədə məlumatın gizlədiləcəyini düşünmək yanlışdır. Dünya praktikasında məsələ belə həyata keçirilir. Yəni, TQDK-a tipli hansısa bir qurum sadəcə olaraq, imtahan keçirir və təhsil müəssisələrinə qəbulu həyata keçirir. Həmən o qurumun elə bir səlahiyyəti yoxdur ki, başqa bir qurumu öz yoxlama - ölçmə cihazları, vasitələri və prinsipləri əsasında təhlil etsin”.

Ekspert deyir ki, dəyişiklikdən sonra TQDK imtahan nəticələrini təhlil edib Prezidentə və Təhsil Nazirliyinə təqdim etməyəcək: “Bunu öz saytında və digər informasiya vasitələrində, jurnallarda çap edəcək. Mən demirəm ki, TQDK-nın indiyə qədər təhlil etdiyi məlumatlar qanunsuz və ya əsassızdır. Sadəcə, təhlil etmək və ya çatışmazlığı qeyd etmək heç bir quruma tabe olmayan, müstəqil ekspertlər qrupu yaradılıb onlar tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirilməlidir”.

Hər il qəbul və buraxılış imtahanlarından sonra TQDK-nın müəyyən mənfi statistik göstəricilər ortaya çıxardığını deyən Kamran Əsədovun sözlərinə görə, bu cür olan zaman ictimaiyyət nümayəndələri də düşünür ki, Azərbaycan Təhsilində inkişaf yoxdur, problemlər var: “Nəzərinizə çatdırmaq istəyirəm ki, Təhsil Haqqında qanuna, Nümunəvi Məktəb Nizamnaməsinə və Azərbaycan Respublikasının təhsil konsepsiyasına, prinsiplərinə görə orta məktəblərin heç də fəaliyyəti ali məktəblərə qəbul üçün yüksək bal toplayan abituriyentlər yetişdirmək deyil. Orta məktəbin funksiyasını bilməyənlər ondan bunu tələb edir. Hər il imtahan nəticələrinin mənfi tendensiya ilə artmasını ictimaiyyətə təqdim etmək psixoloji olaraq Azərbaycan təhsilində inkişafa maneə yaradır. Hər bir vətəndaşın inamını azalır. Ona görə də, mən hesab edirəm ki, TQDK-nın, gələcəkdə də DİM-in ancaq bir fəaliyyəti olmalıdır: qəbul, buraxılış və digər imtahanları keçirmək və onların nəticələrini açıqlamaq. Amma təhlil etmək, müqayisə etmək, hansısa formada tədqiqat aparmaq düzgün deyil. Bu müstəqil ekspertlər tərəfindən müəyyən edilsə, daha obyektiv olar”.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər