“Ekstremal jurnalistlərin təcrübə poliqonu” təlimi çərçivəsində Gəncə şəhərində olarkən jurnalist həmkarlarımızla birgə şəhid anası ilə görüşümüz planlaşdırılmışdı. Görüş zamanı yanımıza sadə geyimli bir xanım yaxınlaşdı və bizə belə sualla müraciət etdi:
“Siz bütün şəhidlər haqqında yazırsız, yoxsa ancaq bir nəfər barədə?”
Bu sualı verən Tünzalə Ələsgərovanın qardaşı Qarabağ döyüşlərində şəhid olub. Hazırda o, süpürgəçiliklə məşğuldur. Dediyinə görə, parkdakı insanlardan kim olduğumuzu, nə üçün bura gəldiyimizi öyrənib və dərdini bizimlə bölüşmək istəyib.
Tünzalə Ələsgərovanın sözlərinə görə, qardaşı şəhid olduqdan sonra ailəsi diqqət və qayğıdan uzaqda qalıb: “Hara müraciət edəcəyimizi, qanunları bilməmişəm. Ona görə heç yerə üz tutmamışam”.
Şəhid bacısının istəyi ilə maraqlandıq. Məlum oldu ki, onun istəyi böyük bir şey deyil, sadəcə qayğıya ehtiyacı var: “Qardaşım Arzu Ələsgərov Qazaxıstanda hərbi xidmət keçmişdi. Oradan gələndən sonra hər bir Azərbaycan oğulu kimi müharibəyə getdi. BTR komandiri oldu, şərəflə döyüşdü. 1992-ci ilin may ayında Şuşa uğrunda döyüşlərində şəhid oldu.
Ona şəhidlik statusu verildi. Amma bu qədər... Mənim istəyim odur ki, qardaşım haqqında araşdırma aparılsın. Əgər layiqdirsə, daha yüksək ada layiq görülsün.
Anam illərdir qayğıya möhtacdır. Qapımızı açıb, içəri girən olmayıb. Heç olmasa, anama baş çəksinlər, bu da bizə bir təsəlli olar. Yaşlı qadındır, kimsə ona adicə 15 dəqiqə vaxt ayırsa, baş çəksə, təskinlik tapar. İllər keçib, ürəyi sakitləşmir. Qardaşımın 2 övladı var. Artıq böyüyüblər, tələbə adı qazanıblar. Onlar şəhid övladlarıdır. Ataları ilə qürur duyurlar. İstəyim iş, pul deyil. Sadəcə, qardaşım haqqında araşdırma aparsınlar. Əgər düşürsə, Milli Qəhrəman adı versinlər”.
Ürəyindəkiləri bizimlə bölüşdükdən sonra Tünzalə xanım bizdən aralanıb, öz həmişəki işinə davam etdi...
Samir İsayev