“Bağırsaq çöpü xəstəliklərinin yaranmasına səbəb məişət problemi ilə bağlıdır”.
Bunu Teleqraf.com-a Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktorun müavini Afaq Əliyeva deyib.
Afaq Əliyevanın sözlərinə görə, Azərbaycanda son illər hebatit A da daxil, su və tamas yolu ilə yayılan xəstəliklərdə azalma ilə müşahidə olunur. Bu, suyun təmizlənməsi, içməli suya nəzarət sahəsində görülən işlərlə bağlıdır: “Su ilə yayılan infeksiyalar uzun illərdir qeydə alınmır. Həm virus ideologiyalı, həm də bağırsaq xarakterli infeksiyalarda artım yoxdur.
Uzun illərdir Azərbaycanda qarın yatalağına, su ilə yayılan digər bağırsaq infeksiyalarına rast gəlinmir. Amma mövsumi olaraq, bağırsaq infeksiyaları ötən aylarla müqayisədə, xüsusən uşaqlar nisbətən artıb. Bu da əsasən məişət şəraitində yoluxma ilə baş verir”.
Afaq Əliyeva qeyd edib ki, analar uşaqların qidalanmasında gigiyenik qaydalara düzgün riayət etmirlər: “Uşaqların yeməkləri düzgün şəraitdə saxlanmır. Bir sözlə, uşaqlarda bağırsaq çöpü xəstəliklərin artması məişət problemi səbəbləri ilə əlaqəlidir”.
İlhamə ƏBÜLFƏT