“Bu ilin birinci rübündə Bakıda laborator müayinəyə cəlb edilməli 238 sulu zirzəmi aşkarlanıb”.
Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov bu günkü mətbuat konfransında belə deyib.
Ziyəddin Kazımovun sözlərinə görə, həmin su zirzəmilərə, adətən, qurunt suları və kanalizasiya xətlərinin nasazlığı səbəbindən yaranan qəzalar zamanı dolub.
Şöbə müdiri qeyd edib ki, zirzəmilərdən götürülən su nümunələri qurumun labortiyalarında analiz olunur: "Suyun mənşəyini aydınlaşdırmaq və hansısa xəstəliklərə səbəb olub-olmamasını araşdırmaq bizim işimizdir. Analizlərin nəticələri barədə müvafiq icra hakimiyyəti orqanlarına təklif göndərəcəyik".
Epidemioloqun sözlərinə görə, bu kimi hallar Bakının əksər rayonlarında qeydə alınır: "Ən çox Qaradağ və Xətai rayonlarında sulu zirzəmilərə rast gəlinir. Daha çox 9 mərtəbəli binalarda müşahidə olunur. Həmin binalar sovet vaxtında inşa olunub və orada demək olar ki, kommunikasiya xətlərinin təmiri aparılmayıb".
İlhamə ƏBÜLFƏT