18 Avqust 2016 12:10
515
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Dindən sui-istifadə, dini siyasiləşdirmək cəhdlərindən xəbərdarıq".

Teleqraf.com xəbər verir ki, bunu "Multikulturalizm ili: media və din" konfrasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Onun sözlərinə görə, "Multikulturalizm il"i çərçivəsində Dini Komitə müxtəlif xarakterli tədbirlər keçirir: "Bugünkü konfransımız media və din mövzusuna həsr olunub. Məqsədimiz dindən yazan jurnalistlərin peşəkarlığına diqqət yetirməkdir".

Mübariz Qurbanlı qeyd edib ki, islamda mövcud olan dini cərəyanların müəyyən qolları Azərbaycana da gəlib çıxıb: "Azərbaycan mediasında bəzən yanlış olaraq bu cərəyanları bir-birinə qarışdırırlar. Bəzən də yazılarda yerli-yersiz hansısa şəxsləri lider səviyyəsinə qaldırırlar. Media mənsublarına bildirmək istəyirik ki, Azərbaycanda dövlət-din münasibətləri normal məcrada inkişaf edir. Azərbaycan çoxkonfessiyalı ölkədir və ayrı-ayrı dini konfensiyyalar bərabər şəkildə fəaliyyət göstərir".

Komitə sədri bildirib ki, Azərbaycanda dövlət-din münasibətləri qarşıya 2 mühüm vəzifə qoyur: "Birincisi, radikal dini qruplarla ideoloji sahədə mübarizəni gücləndirmək və burada medianın rolunu artırmaq, ikincisi, dini xurafata qarşı mübarizə aparmaq.

Dini xurafata qarşı bizim ədəbi klassiklərimiz də tarixən öz əsərlərində mübarizə aparıblar. Bu gün bu mübarizəyə böyük ehtiyac var. Xurafat, cahillik hələ də mövcuddur. Dini xurafatla dini radikalizm bir medalın iki üzüdür. Bunların hər ikisi ilə mübarizə aparılmalı, bu mübarizədə media özünəməxsus rol oynamalıdır".

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər