27 İyun 2014 12:41
2 928
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən hazırlanmış əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminin (EİS) təqdimatı olub.

Teleqraf.com-un məlumatına görə, tədbirdə hökumət və qeyri-hökumət qurumlarının, sosial tərəfdaşların nümayəndələri iştirak edib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ölkədə işçi hüquqlarının etibarlı təminatı mexanizminin müasir tələblərə uyğun qurulmasının mühüm yer tutduğunu vurğulayıb:

“Bunun daha bir təsdiqi kimi, “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 2013-cü il 27 dekabr tarixli qanununun tətbiqi barədə ölkə başçısı fərman imzalayıb. Fərman Azərbaycanda əmək münasibətlərinin rəsmiləşdirilməsində keyfiyyətcə yeni bir mərhələ açıb, əmək müqavilələrinin bağlanmasında formal yanaşmalardan irəli gələn və işçinin gələcək sosial təminat hüququnu sual altında qoyan, qeyri-leqal məşğulluq hallarına gətirib çıxaran stereotiplərin aradan qalxmasına, əmək bazarına dövlət nəzarətinin xeyli güclənməsinə şərait yaradıb”.

Nazir bildirib ki, fərmana əsasən, əmək münasibətlərinin rəsmiləşdirilməsi üçün yalnız əmək müqaviləsinin bağlanması deyil, bağlanmış əmək müqaviləsi barədə bildirişin EİS-də qeydiyyata alınması və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsi əsas şərt kimi irəli sürülür:

“Bununla da əmək münasibətlərinin elektron qeydiyyatı mexanizmi formalaşdırılır ki, bu da işçi və işəgötürənlər arasında bağlanmış hər bir əmək müqaviləsinin, həmin müqavilədə əmək münasibətləri üçün müəyyən edilən şərtlərə əməl olunmasına birbaşa və çevik formada dövlət nəzarətinin həyata keçirilməsinə imkan yaradır”.

Səlim Müslümov fərmanda verilən tapşırığa uyğun olaraq, ƏƏSMN tərəfindən EİS-in proqram təminatının hazırlandığını və sınaq işləri nəticəsində təkmilləşdirildiyini, işəgötürənlərin qeyd olunan bildirişləri e-imza vasitəsilə asan formada EİS-ə daxil edə bilmələri və 1 iş günündən gec olmayaraq qeydiyyatdan keçirmələri üçün bütün texniki imkanların yaradıldığını bildirib: “Eyni zamanda, nazirlik əmək müqaviləsi bildirişinin formasının və onun EİS-ə daxil edilməsi qaydalarının, həmin bildirişin qeydiyyata alınması barədə işəgötürənə göndərilən məlumat formasının, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişi barədə məlumatların real vaxt rejimində əldə olunması ilə bağlı qaydaları hazırlayaraq respublika hökumətinə təqdim edib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli 183 nömrəli Qərarı ilə həmin Qaydalar təsdiq olunub”.

Qaydaların hazırda ƏƏSMN-nin rəsmi www.mlspp.gov.az saytında yerləşdirildiyini qeyd edən nazir bildirib ki, qaydalara həmçinin 8 əlavə təqdim olunur. Həmin əlavələrdə əmək müqaviləsi bildirişinin, habelə əmək müqaviləsi bağlanıldığı, dəyişiklik edildiyi və ya xitam verildiyi halda əmək müqaviləsi bildirişinin formaları əksini tapır”.

Milli Məclisinin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə, sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev və başqaları çıxış edərək əmək münasibətlərinin rəsmiləşdirilməsinin EİS-də qeydiyyata alınması prosesinə keçidi Azərbaycanda əmək hüquqlarının təminatı sahəsində uğurlu islahat tədbiri kimi dəyərləndiriblər.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev yeni sistem barədə ətraflı məlumat verib. O, bildirib ki, bundan sonra bütün işə götürənlər əmək müqaviləsi bağladıqda, dəyişikliklər etdikdə və ya buna xitam verdikdə müvafiq əmək müqaviləsi bildirişini elektron qaydada nazirliyin elektron informasiya sistemində qeydiyyata alacaqlar.

Onun sözlərinə görə, qeydiyyata düşdükdən sonra əmək müqaviləsi bildirişi işə götürənə təqdim edilir. Bununla da, bu münasibətlər hüquqi qüvvəyə minir: “Elektron informasiya sistemi iyulun 1-ə qədər qüvvəyə minəcək. İşəgötürənlər tərəfindən əmək münasibətləri haqda bildirişlər daxil edilməməsi ilə bağlı İnzibati Xətalar, Vergilər və Cinayət Məcəllələrində müvafiq dəyişikliklər edilib.

Fiziki şəxslər 1 000 manatdan 3 000 manatadək, sahibkarlıq fəaliyyəti məşğul olan fiziki şəxslərlə münasibətdə 3 000 manatdan 5 000 manatadək, hüquqi şəxslərlə münasibətdə 20 000 manatdan 25 000 manata qədər cərimə nəzərdə tutulub. Cinayət Məcəlləsində edilən dəyişikliyə görə isə xeyli sayda işçi (10 nəfər) haqda əmək müqaviləsi bildirişlərini elektron informasiya sisteminə daxil etməyə işəgötürənlər 3 ilədək azadlıqdan məhrum edilə bilər. Təkrar olaraq buna yol verdiyi halda isə bu müddət 7 ilə qədər uzadıla bilər”.

Naibə QURBANOVA


Müəllif: