27 İyun 2014 13:13
1 077
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) sabah sonuncu buraxılış imtahanını keçirəcək.

Teleqraf.com-un məlumatına görə, TQDK sədri Məleykə Abbaszadə bugünkü mətbuat konfransında bu haqda məlumat verib. TQDK sədri bildirib ki, imtahan respublikanın 14 şəhər və rayonunda - Bakı, Naxçıvan, Gəncə, Tovuz, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Salyan, Lənkəran, Masallı və Xaçmazda baş tutacaq.

Onun sözlərinə görə, bu imtahanlarda ümumi orta və tam orta təhsil səviyyələrini əvvəlki dərs illərində başa vurmuş, lakin müxtəlif səbəblərə görə yekun attestasiyası aparılmayıb, eləcə də eksternat qaydasında attestasiyada iştirak etmək üçün təhsil aldıqları təhsil müəssisələrinə müraciət edib və imtahana buraxılması haqqında həmin təhsil müəssisəsi tərəfindən qərar qəbul edilmiş şagirdlər, əvvəlki illərdə keçirilmiş buraxılış imtahanlarında məqbul qiymət ala bilməmiş şagirdlər, həmçinin üzrlü səbəbdən bu il keçirilən buraxılış imtahanlarında iştirak edə bilməmiş cari ilin məzunu olan şagirdlər iştirak edəcəklər:

“İmtahanlarda ümumilikdə 9 və 11-ci siniflər üzrə 5406 şagirdin iştirakı gözlənilir. 9-cu siniflərin buraxılış imtahanında iştirakı nəzərdə tutulan 2194 şagirddən 1932 nəfəri Azərbaycan, 262 nəfəri rus bölməsində təhsil alır, onların 1419 nəfəri oğlan, 775 nəfəri qızlardır.

11-ci siniflərin buraxılış imtahanında iştirakı nəzərdə tutulan 3212 şagirddən 2930 nəfəri Azərbaycan, 279 nəfəri rus bölməsinin şagirdləridir. Onların 2592 nəfəri oğlan, 620 nəfəri qızlardır.

Buraxılış imtahanı ana dili (Azərbaycan bölməsinin şagirdləri üçün - Azərbaycan dili, rus bölməsinin şagirdləri üçün - rus dili fənni) və riyaziyyat fənləri üzrə keçirilir. Şagirdlərə hər bir fənn üzrə 30, ümumilikdə 60 test tapşırığı təqdim edilir. Bundan əlavə, şagirdlər təqdim edilmiş mövzu üzrə yazı işi yerinə yetirirlər”.

Məleykə Abbaszadə deyib ki, əvvəlki illərdən fərqli olaraq bu il imtahan rəhbərləri həmin regionda işləyən təhsil işçiləri tərəfindən seçilirlər: “Iki il bundan əvvəllə müqayisədə nəzarətçilər öz işlərinə daha professional yanaşır. Artıq imtahan rəhbərləri də Bakıdan getmir, həmin regionda işləyən təhsil işçiləri imtahanda imtahan rəhbəri kimi iştirak edir”.

SEVİL


Müəllif: