Azərbaycan Prezidenti İlham Əliyev Saatlı rayonunun Saatlı-Sarıcalar-Qara Nuru-Şirinbəyli-Fətəlikənd-Azadkənd avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, 51 min nəfər əhalinin yaşadığı 19 yaşayış məntəqəsini birləşdirən Saatlı-Sarıcalar-Qara Nuru-Şirinbəyli-Fətəlikənd-Azadkənd avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunda nəzərdə tutulmuş vəsaitdən 8,6 milyon manat ayrılsın.
Maliyyə Nazirliyinə və “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni və tikinti işlərini müəyyən olunmuş qaydada təmin etmələri tapşırılıb.