29 Avqust 2016 13:57
531
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq Avrasiya Mətbuat Fondunun dəstəyi ilə Azərbaycana səfər edən Litva Jurnalistlər İttifaqının vitse-prezidenti, “Alkas.lt” internet portalının redaktoru Audris Antanaytis və həmin media orqanının fotoqrafı Arunas Sartanaviçüs Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər.

Beynəlxalq Avrasiya Mətbuat Fondundan Teleqraf.com-a bildiriblər ki, litvalı jurnalistlərə 1918-ci ildə bolşevik-erməni silahlı dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirdikləri kütləvi qırğınlar nəticəsində həlak olan on minlərlə azərbaycanlının xatirəsinə ucaldılmış kompleks haqqında məlumat verilib.

Burada 1918-ci il mart-iyul aylarında Bakı quberniyasının beş qəzasında – Bakı, Şamaxı, Quba, Cavad və Göyçayda müsəlman əhalinin soyqırımı tarixi əksini tapıb. Kompleksdə qədim Quba həyatını, dinc, yanaşı yaşayan azərbaycanlı, ləzgi, yəhudi və digər xalqların nümayəndələrini, müxtəlif sosial təbəqələrə aid insanları əks etdirən şəkillər də sərgilənir.

Müxtəlif qəzalarda baş vermiş soyqırımlar zamanı kütləvi şəkildə xüsusi qəddarlıqla öldürülən insanların əksəriyyəti yandırılıb, dənizə, quyulara atılıb və bu səbəbdən onları dəfn etmək mümkün olmayıb. Zalın mərkəzində belə qurbanların xatirəsinə qara mərmər daş ucaldılıb. Muzeydə hər bir qəzanın tarixi faciəsi ayrı-ayrı bölmələrdə zəngin foto, arxiv sənədləri, statistik məlumat və diaqramlarla verilir.

Audris Antanaytis muzey kompleksini ziyarət etməkdən təsirləndiyini bildirib, buradakı xatirə kitabına ürək sözlərini yazıb. O, insanlığa utanc verən bu faciənin tarixi qiymətini almasının vacib olduğunu bildirib.
Sonra litvalı jurnalistlər Quba rayonundakı Qırmızı qəsəbədə olublar. Quba Rayon İcra Hakimiyyəti başçısının Qırmızı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Pisax İsakov qonaqlara bildirib ki, uzun illərdir buradakı yəhudilər azərbaycanlılarla birlikdə, sülh və əmin-amanlıq şəraitində yaşayırlar.

Dağ yəhudilərinin Quba ərazisində yığcam şəkildə məskunlaşmasının tarixi XVIII əsrin ortalarına təsadüf edir. Quba xanlığına Fətəli xanın rəhbərlik etdiyi dövrlərdə bütün ətraf ərazilərdə yaşayan yəhudilər bura köçməyə başlayıblar. Həmin vaxt salınan yəhudi məhəllələrində 10-dan artıq sinaqoq inşa olunub. Litvalı jurnalistlər yerli əhali ilə ünsiyyət quraraq onların adətləri haqqında məlumat toplayıb, qəsəbədəki tarixi əraziləri ziyarət ediblər.


Müəllif:

Oxşar xəbərlər