Xalq artisti Aygün Kazımovanın Almaniyada keçirilən "Daf Bama Music Awards 2016" beynəlxalq mükafatlandırma mərasimində erməni təxribatının qarşısını alması xəbəri yerli mediada geniş əks-səda doğurub.
Lakin musavat.com bu məlumatın yalan olduğunu iddia edib.
Teleqraf.com xəbər verir ki, məsələ ilə əlaqədar xalq artisti Aygün Kazımova açıqlama verib:
"Siruşonun "Sarı gəlin" mahnısı oxuyacağını 3 saat əvvəl məşq prosesində bildik. Komanda olaraq böyük şok yaşadıq. Çünki onun "Sarı gəlin" mahnısını oxuyacağı haqda heç yerdə məlumat yox idi. Ermənilər Azərbaycan musiqisini növbəti dəfə beynəlxalq arenada öz adlarına çıxarmaq istəyini son məşq prosesinə kimi gizli saxlamağı bacarmışdı.
Vaxtın az olduğundan ilk növbədə təşkilatçı və rejissora etirazımızı bildirdik. Çünki hər dəqiqə bizim üçün böyük müddət idi. Daha sonra dərhal Azərbaycanın Mədəniyyət və Turizm, İdman və Gənclər nazirliklərinin əməkdaşlarına məlumat verdim.
Azərbaycandan isə Berlindəki səfirimiz Pərviz Şahbazov məlumatlandırıldı, dərhal mənimlə Azərbaycanın Berlindəki səfirliyinin mədəniyyət məsələləri üzrə əməkdaşı Sara Abbasova əlaqə saxladı. Məsələyə dövlət səviyyəsində müdaxilə olundu. Təəssüf ki, bəziləri bunu yalanlayan yazılar dərc edirlər".
Aygün Kazımova Almaniya səhnəsində çıxışdan imtina edəcəyini belə göz önünə alıb: "Nazirliyə çıxışdan imtina edəcəyimi dedim. Lakin onlar bunun əleyhinə oldu, mütləq səhnəyə çıxmağımı məsləhət gördülər. Məhz bu səbəbdən səhnədə Qarabağımızın adını xüsusi qeyd etdim. Hətta ermənilər "Sarı gəlin" mahnımızı ifa edəcəyi təqdirdə, səhnədə çıxışım üçün başqa mətn hazırlanmışdı. Amma şükür, vaxtında erməni təxribatının qarşısı tam olaraq alındı".
Aygün Kazımova həmçinin mükafat alacaq sənətçilərin hansı mahnı ifa etmələri haqda əvvəldən məlumat verilmədiyini də vurğulayıb: "Musavat.com yazır ki, ermənilərin tanıtım çarxında "Sarı gəlin" olmayıb. Guya bu o deməkdir ki, onlar "Sarı gəlin"i ifa etməyəcəkmiş.
Əlbəttə, əvvəldən bilinsəydi bunun qarşısı alınardı. Məncə, bu, erməni hiyləsi idi. Azərbaycanın tanıtım çarxında mənim "Hayat ona güzel" və "İkinci sen" mahnılarımdan istifadə olunub. Mən isə "Coffee from Colombia" mahnımı ifa etmişəm. Yəni tanıtım çarxında müğənnilərin müxtəlif mahnılarından istifadə olunub".
Son olaraq xalq artisti bu işdə dövlət qurumlarımızın təxirəsalınmaz fəaliyyəti üçün onlara minnətdar olduğunu da bildirib: "Öz adımdan, bütün komandam adından Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinə, İdman və Gənclər Nazirliyinə, Azərbaycanın Berlindəki səfirliyinə təşəkkürümü bildirirəm".
Xatırladaq ki, Almaniyada keçirilən "Daf Bama Music Awards 2016" beynəlxalq mükafatlandırma mərasiminin məşq prosesində Aygün Kazımova erməni təmsilçisi Siruşonun Azərbaycan xalq mahnısı "Sarı gəlin"i erməni mahnısı kimi təqdim edib, ifa edəcəyini görəndə bu təxribatın qarşısını alıb.
Nərmin