1 Sentyabr 2016 18:53
549
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 1-də Təhsil Nazirliyində işə yeni qəbul edilmiş məktəb direktorlarının iştirakı ilə müşavirə keçirilib.

Təhsil Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, müşavirədə Aparat rəhbərinin müavini Fərzəli Qədirov qeyd edib ki, məktəb direktorlarının işə qəbulu ilə bağlı yeni qaydalara uyğun olaraq, 4 mərhələdən ibarət müsabiqə keçirilib.

Əvvəlcədən müəyyənləşdirilmiş 597 vakant yerə 2260 nəfər müraciət edib. İmtahanda iştirak edən 1591 nəfərdən 516-sı müsahibə mərhələsinə buraxılıb. Onlardan 208 nəfəri ölkənin şəhər və rayonlarındakı vakant məktəb direktoru vəzifəsinə işə qəbul olunub.

Təhsil naziri Mikayıl Cabbarov işə yeni qəbul edilmiş məktəb direktorlarını təbrik edib, onların qarşısında duran vəzifələrə toxunub. Nazir bildirib ki, minlərlə gənc ölkənin təhsil müəssisələrində təhsil almaqla yanaşı, xarici ali təhsil müəssisələrində də dövlət hesabına təhsil almaq hüququ əldə edib. Bütün bu nailiyyətlərin və qarşıda duran çağırışların kökü məktəbdən başlayır:

“İstənilən şəxsin, fərdin formalaşması, milli dəyərlərin daşıyıcısı olması, öz uğurunu fərd olaraq deyil, uğurlu bir dövlətin, cəmiyyətin uğuru kimi görmək imkanı məktəbdə olan mühitdən, təhsil imkanından asılıdır. Məktəbdə isə bu mühitin yaradıcısı məktəb direktorudur. Müəllimlərin işə yanaşması, məktəb-valideyn münasibətləri məktəb direktorlarının fəaliyyətindən asılıdır. Təhsilin nəticələri yalnız məktəblərdən və burada fəaliyyət göstərən peşəkarlardan asılı deyil. Burada ailənin rolu da müstəsnadır”.

Təhsil naziri şəffaf rəqabət əsasında seçilmiş məktəb direktorlarını üzərlərinə düşən məsuliyyəti layiqincə dəyərləndirməyə, rəhbərlik etdikləri təhsil müəssisələrinin inkişafı naminə var gücləri ilə çalışmağa səsləyib və onlara uğurlar arzulayıb.


Müəllif:

Oxşar xəbərlər