Türkiyəli uşaq-yeniyetmə psixoterapevti Mərvə Dəmir uşaqları yeni dərs ilinə hazırlamaq barədə danışıb.
Teleqraf.com-un Türkiyə mediasına istinadla verdiyi xəbərə görə, psixoterapevt bildirib ki, valideynləri ən çox narahat edən məsələlərdən biri də uşaqların məktəbə getməyə hazır olub-olmamasıdır: “Uşağın həyatında evdən sonra ən mühüm yer məktəbdir. Buna görə də onun ibtidai sinfə başlama dövrü çox önəmlidir. Çünki bu dövrdə uşağın üzləşdiyi uğursuzluq onun məktəblə bağlı xəyal qırıqlığı yaşamasına və məktəb getmək istəməməsinə səbəb ola bilər”.
Mərvə Dəmirin fikrincə, bu məqamda uşaqların məktəbə hazır olması ilə bağlı ancaq ailələrin müşahidələri yetərli deyil, müəllimlərin müşahidələri də xüsusi önəm daşıyır: “Uşaqların nitq qabiliyyəti, məktəb qaydalarına uyğunlaşması, dostlarıyla münasibətləri, əl qabiliyyətlərinin inkişafı və diqqət səviyyəsi kimi məsələlərdə yaşıdlarıyla müqayisədə necə olduğuna dair müəllimlərin fikrini almaq lazımdır. Uşağın məktəbə getməyə hazır olmasını yoxlamaq üçün bunlara diqqət etmək lazımdır:
1. Uşağın söz ehtiyatı; Onun ətrafında danışılan söhbəti nə dərəcədə başa düşdüyü, söz anlayışı, cümlə qurmaq və özünü ifadə edə bilmək qabiliyyəti məktəbə hazırlıq üçün önəmlidir.
2. Ümumi məlumat səviyyəsi; Uşaq ona ibtidai sinifdə öyrədilən rənglər, şəkillər, əsas anlayışlar, heyvanlar, peşələr kimi mövzularda yaşına uyğun bilgi səviyyəsinə malik olmalıdır.
3. Eyniləşdirmə və köçürmə qabiliyyəti; Uşağın bənzər şeylərin fərqinə varmaq, eyniləşdirmə və gördüyünü köçürmək qabiliyyəti də oxuma-yazmanı öyrənməsində vacibdir.
4. Uşağın əl qabiliyyəti; Məktəbə başlayan uşağın yazı yazmağı öyrənməsindəki vacib ünsürlərdən biri də əlində və barmaqlarındakı kiçik əzələ qruplarını hərəkət etdirmək qabiliyyətidir. Onun qələm tutması, sadə şəkillər çəkə bilməsi, qayçı tuta bilməsi, ayaqqabısının bağını bağlaya bilməsi bacarığı dəyərləndirilməlidir.
5. Duyğusal inkişaf; Uşağın duyğusal baxımdan məktəbə hazır olub-olmadığına da diqqət etmək lazımdır. Onun ana-atasınadan asan ayrıla bilməsi, ünsiyyət qurması, öz haqlarını müdafiə etməsi, məktəb qaydalarına əməl etməsi kimi məqamlar bura daxildir.
6. Öyrənmək çətinliyi və diqqət əksikliyi; Bu kimi məqamlar uşağın məktəbə hazırlığına mənfi təsir edə bilər. Çünki belə uşaqlar sahib olduqları tutumdan aşağı nəticə göstərirlər. Onlar dinləməkdə, məktəb qaydalarına əməl etmək və məsuliyyət daşımaqda çətinlik çəkə bilərlər.
Sevinc