6 Sentyabr 2016 16:35
812
12 Punto 14 Punto 16 Punto 18 Punto

Artıq yeni dərs ili başlamaq üzrədir. Növbəti tədris ilinə hazırlıq mərhələsində daha böyük yük valideynlərin çiyninə düşür. Uşaqların məktəbli geyimi, dərs ləvazimatlarının alınması müəyyən maddi vəsait tələb edir.

Hazırda məktəb bazarlğı neçəyə başa gəlir? Daha çox nəyə pul xərclənir, ümumilikdə bazarda vəziyyət necədir? Valideynlərlə bu barədə danışdıq.

Jurnalist Gülnarə İlham, bir məktəbli oğlu var: “Oğluma məktəbli formasını 1-ci sinfə gedəndə almışdım. Sadəcə təsdiq olunmuş forma olduğu üçün imtina etmədik. Həmçinin eyni vaxtda daha keyfiyyətli uşaq mağazasından əlavə şalvar və köynək də götürmüşdüm. Sonrakıların keyfiyyəti məni daha çox qane etdiyi üçün növbəti il məktəbli forması yox, elə həmin mağazadan ayrı şalvar-köynək dəsti aldım.

Bu il oğlum 3-cü sinfə gedəcək. Yenə də həmin mağazadan almağı nəzərdə tutmuşam. Rənglər eyni olduğu üçün məktəbdən hər hansı bir irad bildirilməyib. Qiymət isə təbii ki, məktəbli formasından 20-25 manata baha başa gələcək.

Normal çanta 55-80 manat arasındadır. İki, ya üç övladı olan ailə üçün çətindir. Bir uşağa məktəb bazarlığı 170-200 manata başa gəlir”.

Şairə Sevinc Elsevər, iki məktəbli qızı var: “Böyük qızımın ötənilki məktəbli forması əyninə olur deyə ona geyim almayacağıq. Balaca qızımgilin məktəbləri bu il pilot məktəb olub, ona görə formaları dəyişəcəklər. Deyiblər ki, başqa yerdən geyim almayaq, məktəbin özündən alacağıq. Ancaq hələ qiymətindən xəbərim yoxdur.

Məktəbə geyimi Bakı Tikiş Evi gətirir. Deyirlər türk məktəblilərinin geyimindən olacaq.

Digər geyim və məktəb ləvazimatlarından ağ köynəklərin qiyməti bir az qalxıb. Çantalar, ayaqqabılar da əvvəlki qiymətə deyil. Uşaq təkcə məktəb forması geyinmir ki! Adi ağ corabları 3 manata almışam.

Hələ bütövlükdə məktəb bazarlığını eləməmişəm. Xırda şeyləri almışıq. Keçən il 2 uşaq üçün təkcə geyim-kecim 200 manata yaxın pul tutmuşdu.

Hələ dərs üçün lazım olan iş dəftərləri var. Məktəb açılan kimi müəllimlər iş dəftərləri tələb edəcək. Hər uşağa 50-60 manatlıq iş dəftəri alırıq. Əlavə kitablar da tapşırırlar, həmçinin riyaziyyat, tarix, ingilis dili testləri. Hər birinin qiyməti ən azı 4-5 manatdan başlayır, 6 manata kimi olur. Almasan olmur”.

Aktrisa Şəbnəm Hüseynova, bir məktəbli oğlu var: “Mən oğluma xüsusi məktəb forması almıram. Çünki məktəb formalarının parçası kobud olur, uşaq üçün rahat deyil. Ona görə bənzər geyim alıram. Bir usağı hazır edib məktəbə yola salmağa orta hesabla 150 manat lazımdır”.

Jurnalist Jalə Mütəllimova, üç məktəbli övladı var: “Hələ məktəb bazarlığını etməmişik. Açığı, bir az qorxuram qiymətlərdən. Çünki ötən il üç uşağın məktəb bazarlığı üçün 500 manat xərcləməli olmuşdum. Bu il isə yəqin eyni şeylər üçün 700 manat lazım olacaq. Bu da aylıq maaşımdan artıq məbləğdir və mənim üçün asan olmayacaq”.

Sevinc FƏDAİ


Müəllif:

Oxşar xəbərlər