“Azərbaycanda böyrək çatışmazlığı ilə hemodializ alan 15 yaşa kimi 6 uşaq var. Onlardan ən kiçiyi 6 yaşındadır”.
Teıeqraf.com xəbər verir ki, bunu M.C.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxananın hemodializ şöbəsinin müdiri Fariz Babayev deyib.
Fariz Babayevin sözlərinə görə, uşaqlarda əksər hallarda böyrək çatışmazlığı irsi böyrək xəstəlikləri hesabına baş verir. Sonradan hər hansı xəstəlik də böyrək çatışmazlığı ilə fəsadlaşa bilər.
Şöbə müdiri qeyd edib ki, ölkədə böyrək xəstəlikləri fəsadlaşan xəstələrin sayı 10 minə yaxındır: “Onların 3100 nəfəri böyrək çatışmazlığı diaqnozu ilə hemodializ seanslarına cəlb olunub. Bu gün Azərbaycanda böyrək xəstəliklərinə Gəncə, Şəmkir, Ağstafa, Tovuz və şimal zonasında daha çox rast gəlinir. Bu da həmin ərazilərdə insan sayının çoxluğu ilə izahlanır. Qarabağ hadisələrindən sonra insanlar əsasən Aran və qərb zonasına yerləşib”.
Fariz Babayev bildirib ki, bütün dünyada olduğu kimi Azərbaycanda da böyrəkköçürmə əməliyyatları yalnız ilk mərhələdə qohum böyrəyinin köçürülməsi ilə həyata keçirilir: “Çox sayda insanların böyrək nəqli əməliyyatına ehtiyacı var. Ona görə də bu məsələ ilə bağlı Səhiyyə Nazirliyi və Nazirlər Kabineti tərəfindən müzakirələr aparılır ki, meyitlərdən orqanların köçürülməsinə təkan verilsin.
İyun ayında Azərbaycanda transplantoloqların konqresi keçirildi. 21 ölkədən 500-ə yaxn qonağın iştirak etdiyi tədbirə Azrbaycanın din xadimləri də dəvət edilmişdi ki, insanlar vəfat edəndə orqanlarını bağışlama mərhələsinə şüurlu şəkildə qədəm qoya bilsinlər”.
İlhamə ƏBÜLFƏT