Dərnəgül metrosu istiqamətindən Badamdar istiqamətinə hərəkət edən 3 nömrəli “Baku Bus” avtobusları 1 aya yaxındır gecikmələrlə hərəkət edir.
“Bakubus” avtobuslarının gecikməsi sərnişinlərin də narazılığına səbəb olub.
Sərnişin Gülalə Cəfərova deyir ki, iş yeri Bolluq bazarı tərəfdə olduğu üçün 3 nömrəli marşrutdan istifadə edir, amma avtobusun gecikməsinə görə işə vaxtında çata bilmir: “Yarım saata yaxın avtobus gözləyirəm. Vaxtında işə çata bilmirəm. Səbəbini şoferdən soruşanda cavab vermirlər”.
Ruslan Quliyev adlı sərnişin 3 nömrəli avtobusdan istifadə edir: “Gedəcəyim ünvan 20 dəqiqəlik yoldur, amma avtobus gecikdikdiyi üçün ünvana vaxtda çatmıram. Avtobus gecikəndə dolu gəlir, bəzən minmək də mümkün olmur”.
“Baku Bus” MMC-nin mətbuat katibi Mansur Priyev Teleqraf.com-a açıqlamasında 3 nömrəli marşurutda avtobusların gecikməsinin səbəbini izah edib: “Səhər saatlarında 9.20 - 10.05 dən Abbasqulu ağa Bakıxanov və Hüseyn Cavid küçələrində müxtəlif fasilələrlə tıxac olub. Bu səbəbdən 3 nömrəli marşrut xəttinin intervalında müvəqqəti olaraq fərq yaranıb”.
Mansur Priyevin sözlərinə görə, hazırda yay iş qrafikinə uyğun olaraq avtobuslar arasında 6- 8 dəqiqə interval müəyyənləşdirlib: “Ancaq bu marşrut xəttinin məsafəsinə görə dəyişir. Yay fəslinin başa çatması və insanların bölgələrdən geri qayıtması, paytaxt sakinlərinin sayının getdikcə artmasını nəzərə alaraq yaxın günlərdə adi qaydada 4-6 dəqiqə olmaqla marşrut xətlərində intervallar tətbiq olunacaq”.
İlhamə ƏBÜLFƏT