8 Sentyabr 2016 19:09
1 493
12 Punto 14 Punto 16 Punto 18 Punto

Millət vəkili Qənirə Paşayeva yeni dərs ili bağlı Tovuzda uşaqlar üçün “Kitab Günü” keçirib. Teleqraf.com-un məlumatına görə, yüzdən çox məktəblinin hər birinə Azərbaycan tarixi, ədəbiyyatına dair, Qarabağla bağlı, dünya ədəbiyyatı ilə yanaşı, özünün müəllifi olduğu çoxlu sayda kitablar və jurnallar hədiyyə edən millət vəkili onları daha çox oxumağa, mütaliəyə, öyrənməyə, daxili dünyalarını zənginləşdirməyə çağırıb. Uşaqları xarici dillərlə də xüsusi maraqlanmağa zaman ayırmağa çağıran Q.Paşayeva onlara özəlliklə tariximizlə bağlı kitabları və Azərbaycan ədəbiyyatını daha geniş mütaliə etməyə səsləyib.

Tovuz məktəblərinin kitabxanalarına təkcə özünün müəllifi olduğu kitabları deyil, çoxlu sayda Azərbaycan ədəbiyyatı, tarixi, Qarabağ həqiqətləri, yazarlarımızın kitablarını, türk xalqları ilə bağlı çoxlu sayda kitablar hədiyyə etdiyini deyən millət vəkili uşaqları onlardan istifadə etməyə çağırıb. Deputat gənclər arasında kitaba, elmə meyilliyin artmasının vacibliyi istiqamətində də onlarla söhbət edib və sualları cavablandırıb. Millət vəkili onları təhsillərinə böyük önəm verməyə, zamanlarını mənasız işlərə və ya verilişlərə ayırmamağa çağırıb. Q.Paşayeva görüş zamanı təhsildə fərqlənən gənclərlə xüsusi müzakirələr apararaq onlara tövsiyyə və məsləhətlər də verib. O bildirib ki, ölkəmizin daha da inkişafı üçün gənclərin savadlı, təhsilli, elmə və kitab oxumağa meyilli olması əsas şərtdir: “Hesab edirəm ki, inkişafın yolu kitabdan, oxumaqdan, öyrənməkdən keçir”.

Millət vəkili valideynləri və müəllimləri də gənclərin kitab oxumasına meylliyinin artması istiqamətində fəal olmağa çağırıb: “Bir millətin inkişafı və gələcəyi onun gənc nəsillərinin elmə, biliyə, ən əsası oxumağa olan istək və meylindən çox asılıdır. Ona görə də biz gənclərimiz arasında kitab oxumağa maraq və meylin artması istiqamətində daha çox işlər və layihələr həyata keçirməliyik”.

Tədbirdə qatılan müəllimlər və digər iştirakçılar da uşaqların və gənclərin kitaba meyllənməsində və marağının artmasında bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayıblar. Q.Paşayeva uşaqları maraqlandıran sualları da cavablandırıb.

Millət vəkili həmçinin, Tovuzda Azərbaycan dili və ədəbiyyatı, xarici dili müəllimləri və məktəb kitabxanaçıları ilə görüşüb və geniş müzakirələr aparıb. Müəllimləri yeni dərs ili münasibətilə təbrik edən Q.Paşayeva rayonda ötən dərs ili bağlı geniş araşdırmalar aparıldığını deyib. “Biz uğurları qeyd etməklə bərabər təhsilin səviyyəsinə təsir edən çatışmazlıqları da geniş təhlil etməliyik”, – deyən millət vəkili müəllimlərlə görüşdə uşaqların Azərbaycan dili və ədəbiyyatı öyrənməsinə xüsusi diqqət ayırmağa çağırıb. O, bildirib ki, uşaqlarımız hansı peşənin arxasında getməsindən asılı olmayaraq ana dilini və ədəbiyyatımızı bilməlidirlər: “Hansı məktəbdə uşaqlar bu fənlərdən pis nəticə göstərirlərsə, onun özü ilə bərabər müəllimləri və bütünlükdə məktəb bundan utanmalı və ciddi addımlar atmalıdırlar. Tovuzda gənclərimizin xarici dillə bağlı göstəriciləri bizi qane etmir, bir sıra kəndlərimizdə isə xüsusi narahat edir. Məktəblərimizdə xarici dili fənninin tədrisində ciddi keyfiyyət dəyişikliyinə ehtiyac var və ümid edirəm ki bu dərs ilində ciddi dəyişikliklər olacaq. Şagirdlərimizin xarici dili öyrənmələri vacibdir. Görürük ki, hansı məktəbdə yaxşı xarici dili müəllimləri var orada vəziyyət yaxşıdır. Demək əsas məsələ məhz müəllimdir”. Deputat xarici dillə bağlı yaxşı göstəriciləri olmayan məktəbləri ciddi addımlar atmağa çağırıb.

Q.Paşayeva məktəb kitabxanları əməkdaşları ilə söhbət zamanı şagirdlər arasında kitaba, oxumağa, mütailəyə meyilliyin artması istiqamətində kitabxana işçilərinin də öz səylərini daha da artırmasına çağırıb.
Millət vəkili müəllmlərin suallarını da cavablandırıb və təkliflərini dinləyib. Bir sıra müəllimlər imla və inşa yazının təkrar məktəblərə qayıtmasının vacibliyindən danışıblar. Bəzi müəllimlər ana dili və ədəbiyyat dərsliklərində bəzi səhvlərin olduğunu deyiblər. Q.Paşayeva yazılı halda təqdim etmələrini xahiş edib və bildirib ki, onların düzəldilməsi üçün həmin sənədi Təhsil Nazirliyinə təqdim edəcək. Bəzi müəllimlər qəbul imtahanlarında Azərbaycan dili ilə bağlı sualların formalaşması istiqamətində müəyyən təkliflərlə çıxış ediblər. Q.Paşayeva onları müvafiq qurumlara çatdıracağını deyib. Geniş müzakirələrlə keçən görüşdə Tovuz rayonundaAzərbaycan dili və ədəbiyyatı, xarici dili fənnlərini tədris edən müəllimlər bu dərs ilində səyləri daha da artıracaqlarını deyiblər. “Bütün fədakar müəllimlərimizə təşəkkür edirəm”, deyən Q.Paşayeva onlara yeni dərs ilində daha böyük uğurlar diləyib.

Səxavət


Müəllif:

Oxşar xəbərlər