28 İyun 2014 19:25
1 626
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səbirə Səfərova: “Yay aylarında oruc tutmaq daha asandır, nəinki qışda”

Məşhur rus alimi Aleksey Soforin “Müalicənin yeni üsulu - oruc” kitabında yazır: “Orucla müalicə elə ecazkardır ki, onun vasitəsilə praktiki və cərrahi müalicənin proqram və metodları köklü surətdə dəyişiləcək. Çünki oruc tibb elminin qarşısında yeni yollar açır”.

Oruc bir çox xəstəliklərin müalicəsi üçün dünya səviyyəsində həkim və təbiblər tərəfindən dəfələrlə məsləhət görülüb. Belə ki, ilboyu durmadan işləyən orqanizm istirahət edir və yığılan qalıqlardan təmizlənir. Məsələn, siqaretə aludə olanlar bu ayı fürsət bilib öz zərərli vərdişlərindən yaxa qurtara bilərlər. Əgər 12-14 saat ərzində siqaretdən uzaqlaşa bilirlərsə, deməli, ümumiyyətlə imtina edə bilərlər.

Son illər orucluğun yay aylarına təsadüf etməsi isə oruc tutanların səhhəti ilə bağlı vəziyyəti sual altına qoyur. Təbabətdən məlumdur ki, insanlar susuzluğa daha az dözümlüdürlər, nəinki aclığa. İnsan aclığa iki ay tab gətirə bilər, susuzluğa müəyyən əziyyətlərlə cəmi üç gün dözə bilir. Yay aylarında xarici temperatur bədən temperaturuna yaxın, hətta daha artıq olduğundan, bədəndən çoxlu miqdarda maye xaric olunur, orqanizm də bunu kompensasiya etmək üçün təbii ki, su tələb edir.

Nəsirədin Tusi adına klinikanın həkim-qastroenteroloq Səbirə Səfərova deyir ki, yay aylarında oruc tutmaq daha asandır, nəinki qışda: “Çünki qışda soyuq hava ilə, üstəgəl aclıqla mübarizə orqanizm üçün daha çox enerji itkisi deməkdir. Yayda bu itki minimuma ensə də, hava şəraiti ilə əlaqədar susuzluq əlavə problem yaradır. Bunun üçün də imsak yeməyində mümkün qədər kalorili, amma daha asan həzm olunan, susuzluq gətirməyən qidalar yeyilməlidir.

Duzlu və çox şirin yeməklər, ət xörəkləri, müxtəlif qızartmalar susuzluq gətirən qidalar olduğundan, onlardan imtina etmək daha məqsədəuyğundur. Yaxşı olar ki, kəsmik, xama, kərə yağı, qayğanaq və ya soyutma yumurta, amma bütün qidalarda duzdan çox az istifadə olunması şərtilə yeyilsin. İstənilən qədər maye qəbul oluna bilər".

Bizdə adətən qara çaydan istifadə olunur, lakin həm susuzluğu yatırmaq, həm də orqanizmə müsbət təsirləri baxımından həkimlər yaşıl çayı məsləhət görürlər. Yaşıl çay immuniteti gücləndirir, insanın susuzluğa dözümünü artırır, bundan əlavə sakitləşdirici təsiri var. Səhər yeməyi zamanı yaşıl çaydan istifadə etmək məqsədəmüvafiqdir.

Səbirə Səfərova deyir ki, işləyən insanlar Ramazan ayında iş rejiminin gərginliyini bir qədər azaltmalıdırlar: “Oruc tutan şəxslər, əslində, saat 1-2-yə qədər işləsələr daha yaxşı olar. Oruc tutan zaman orqanizm zəiflədiyi üçün işlə çox yüklənmək olmaz. Bu zaman başağrıları, başgicəllənmələri ola bilər. Yaxşı olar ki, günün bir hissəsini istirahət etməklə keçirsinlər”.

Qastroenteroloq orucu qaynanmış ilıq su, süd və ya çay ilə açmağı məsləhət görür: “Mayeni ”susuzam" deyib birnəfəsə yox, aramla, tədricən içmək lazımdır. Yaxşı olar ki, ilk növbədə1 fincan da olsa, duru yemək yeyilsin. 5-10 dəqiqədən sonra ikinci yemək də yeyilə bilər. Bir-birinin ardınca çox yemək olmaz. Mədənin birdən-birə yüklənməməsi və qidanın daha rahat həzm olunması üçün iftarı 1 saat, saatyarım davam etdirmək məsləhətdir. İftardan sonra isə meyvə, tərəvəz, çərəz yeyilməsi daha məqsədəuyğundur".

Həkim bu ayda ağır və yağlı yeməklərdən, şirniyyatdan uzaq olmağı tövsiyə edir: “Oruc müddətində mədə uzun zaman boş qaldığından birdən-birə çoxlu qida qəbulu mədəyə ağrı verə bilər. Eləcə də ürək-damar sistemində problem çıxması, qan təzyiqinin artması mümkündür. Bunları önləmək üçün iftarda yavaş-yavaş, qidanı çox çeynəyərək və az miqdarda qəbul etmək lazımdır”.

Yay orucunun daha bir məsləhəti isə hər gün ən azı 45-60 dəqiqə piyada gəzməkdir. Mütəxəssislər bildirir ki, iftardan 2 saat sonra yarım saatlıq gəzinti orqanizmdə maddələr mübadiləsinin normallaşmasına yardım edir.

Naibə QURBANOVA


Müəllif: